Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Quba rayon “Soyqırımı Memorial Kompleski”nin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycan torpaqlarında Bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırımları xalqımızın yaddaşında” adlı onlayn seminar keçirilib.
Seminarda filialın direktoru dosent Tünzalə Yusifova və professor-müəllim heyəti, eləcə də Soyqırımı Memorial Kompleksinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Quba “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək Soyqırımının tarixindən ətraflı bəhs etdi. Ardınca çıxış edənlər, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova- Tarixi yaddaşımızdan silinməyən soyqırımı, Sosial və xüsusi fənlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov- Şamaxı qəzasında soyqırımı, ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı-1918-ci il Göyçay qəzasında mart soyqırımı, Sosial və xüsusi fənlər kafedrasının dosenti, Zərifə Cavadova- 1918-ci il soyqırımı və milli mədəniyyət abidələrimizə qarşı erməni vəhşiliyi mövzularında müfəssəl çıxış edərək Azərbaycanda erməni daşnaklarının həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində dinc müsəlman əhaliyə qarşı törədilən soyqırımı hadisələrindən bəhs etmişlər.