ADPU-nun Şamaxı filialı Türkiyə-Rusiya Əlaqələri adlı beynəlxalq Simpoziumda tərəfdaş qismində iştirak edib.

Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lənkəran Regional Elmi Mərkəzi, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə böyük əhəmiyyət kəsb edən Beynəlxalq Türkiyə-Rusiya Əlaqələri Simpoziumu keçirilib. Bu elmi tədbir iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.

Simpoziumda Türkiyə və Azərbaycanın akademik dairələrinin tanınmış alim və tədqiqatçıları iştirak edərək tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrə dair aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxışında qeyd etdi ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib. 2020-ci ildə Zəfər tarixinin yazılmasında qardaş ölkənin  göstərdiyi dəstək danılmazdır. Bugünkü konfransda  Türkiyə-Rusiya münasibətləri müzakirə olunacaq. Məlumdur ki, 1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Türkiyə və Rusiya arasındakı münasibətlər əhəmiyyətli şəkildə inkişaf etməyə başlamışdır.

Simpoziumun açılış mərasimində çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O bu münasibətlərin xüsusilə də iki ölkə arasında tarixi ədalətin bərpası və birgə keçmişimizin qorunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Dr. Bayramova həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” kimi tarixi abidələrin hər iki xalqın yaddaşında xüsusi yer tutduğunu və bu kimi simpoziumların tarixi faktların geniş ictimaiyyətə çatdırılması baxımından mühüm olduğunu qeyd edib.

Simpozium çərçivəsində keçirilən məruzələrdə iştirakçılar Türkiyə-Rusiya əlaqələrinin tarixi fonunda regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf məsələlərini ətraflı şəkildə müzakirə ediblər. Bununla yanaşı, iki ölkənin strateji tərəfdaşlığı, mədəni mübadilələr və ortaq elmi tədqiqatların gələcək perspektivləri də ön plana çəkilib.

 

Paylaşın: