31 dekabrda ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova başda olmaqla filialın professor-müəllim heyəti, həmçinin fəal tələbələri Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanında Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etdilər. Filial əməkdaşları ilk olaraq Vətən uğrunda şəhid olan bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra xiyabanda dəfn olunan şəhidlərin məzarları ziyarət olundu, tər güllər düzüldü və dualar oxundu. Şəhidlər Xiyabanında həmçinin Vətən müharibəsi qazilri ilə də görüş baş tutdu. Qazilərimiz tələbələrə, gələcək əsgərlərə ordumuzun vətənpərvərlik ruhundan, ordu-xalq birliyinin bizə qələbə gətirməsindən söhbət açdı.

Ziyarət zamanı qeyd olundu ki, 2020-ci il Azərbaycan xalqı üçün 30 illik həsrətə son qoyaraq mənfur düşmən əlində qalmış torpaqlarının azad edilməsi baxımından həqiqətən uğurlu, qürur və zəfər dolu bir il oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, onun  vəsiyyətini yerinə yetinən Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev rəşadətli ordumuzla bərabər tarix yazdı, hansı xalqın birliyinin, həmrəylinin əbədi olacağını, hansı ordunun daha güclü olduğunu nəinki düşmənlərimizə, həm də bütün dünyaya sübut etdi. O da vurğulandı ki,  qədirbilən xalqımız bu zəfər yolunda, haqq işində qurban gedən şəhidlərimizi unutmur və unutmayacaq. Bu xalq hər şəhidini həm qürur, həm də kədər hissi ilə qarşıladı və bağrına basdı. Hər şəhidimiz dəfn olunduqca Vətən torpağımız bizim üçün bir az daha müqəddəsləşdi. Həmrəyliyimizin rəmzi olan bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhları daima şad olsun!

Qeyd edək ki, elə həmin gün Həmrəylik Günü münasibətilə filialın yerləşdiyi Şəhriyar qəsəbəsinin sakinləri olan şəhidlərimiz – “Vətən uğrunda” medalı ilə təltif olunmuş Tərlan Amanaliyev və  Zahid Manafovun ailələri ziyarət olunmuş, bayram sovqatları təqdim olunmuşdur. Görüş zamanı filialın direktoru, dosent Tünzalə Yusifova ölkə rəhbərliyinin hər zaman şəhid ailələrinə göstərdiyi qayğıdan bəhs edərək, Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının təltif olunmalarının, onların ailələrinə və qazilərə göstərilən maddi və mənəvi dəstəyin hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılandığını vurğuladı. Şəhid ailələri də öz növbələrində cənab Prezident İlham Əliyevə onlara göstərilən xüsusi qayğıya görə minnətdarlıqlarını bildirdilər.

ADPU-nun Şamaxı Filialının kollektivi adından Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edirik. 2021-ci il bütün Azərbaycanın, o cümlədən düşmən tapdağından xilas olan torpaqlarımızın çiçəkləndiyi bir il olsun!

Paylaşın: