Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəfər Gününə həsr olunmuş “Qələbə Ruhunu Yaşat!” mövzusunda bədii tədbir keçirilib.
Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ADPU-nun 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olan tələbə və məzunlarının bir qisminin ailə üzvləri universitetin foyesində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış “Zəfər guşə”sini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər çiçəklər qoyublar. Ardınca “Zəfər stendi” və ADPU-nun Heydər Əliyev muzeyi ziyarət olunub.
Qeyd edək ki, tədbirdə ADPU-nun Şamaxı filialının şəhid məzunu ELgün Əzizovun valideyni də iştirak edirdi.
Tədbirdə Vətən müharibəsində şəhid olan ADPU-nun tələbə və məzunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik ruhundakı milli musiqi və rəqs nömrələri nümayiş olunub, müxtəlif tarixi qəhrəmanlıq səhnələri və kompozisiyalar təqdim edilib.
Tədbirin yekununda ADPU-nun rektoru professor Cəfər Cəfərov vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş tədbirin təşkilində əməyi olan tələbələrə təşəkkürünü bildirib, şəhid yaxınları və qazilərə zaman ayıraraq tədbirdə iştirak etdikləri üçün təşəkkür edib. Rektor Pedaqoji Universitet adından hazırlanmış gül dəstələrini şəhid yaxınlarına təqdim edib.
Sonda xatirə fotosu çəkdirilib.