ADPU-nun Şamaxı filialında görkəmli maarif xadimi Abbas Səhhətin 150 illiyinə həsr olunmuş “Vətəni sevməyən insan olmaz!” Respublika elmi konfransı keçirilib.
Konfransdan əvvəl əvvəl ədibin Şamaxı rayonunda yerləşən abidəsini ziyarət olunub.
Filialın akt-zalında konfransın plenar iclası keçirildi. İlk olaraq Abbas Səhhətə həsr olunmuş videoçarx nümayiş olundu. Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Qeyd etdi ki, xalqımızı yaşadan, irəli aparan saysız görkəmli şəxsiyyətlər olmuşdur. Belə görkəmli şəxsiyyətlərdən biri də Abbas Səhhətdir. Ulu Öndər Heydər Əliyev ideyalarının uğurlu davamçısı olan cənab Prezident İlham Əliyev hər zaman xalqımızın bu cür dəyərli ziyalılarımıza dəyər verir və onların yubileylərinin təntənəli surətdə qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayır. Bu il cənab Prezident İlham Əliyev tərəfindən Abbas səhhətin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Bu sərəncamın icrası ilə əlaqədar 2024-cü ildə filialda keçiriləcək konfranslar arasında məhz Abbas Səhhətin yaradıcılığı ilə bağlı konfransın keçirilməsini də özümüzə borc bildik.
Ardınca ADPU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının professoru Təyyar Cavadovun – “Abbas Səhhət: tərcümeyi halından yaradıcılığının fəlsəfəsinə qədər”, ADPU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti Qüdrət Umudovun – “Abbas Səhhət poeziyasında vətən təbiətinin təsvir və tərənnümü” mövzusunda çıxışları dinlənildi.
Plenar iclasın ardınca konfrans 5 bölmədə işini davam etdirdi:
I bölmə: Ədəbiyyatşünaslıq;
II bölmə: Dilçilik və onun actual problemləri;
III bölmə: Tarix və coğrafiya elmləri;
IV bölmə: Pedaqogika və psixologiya elmləri;
V bölmə: Təbiət elmləri.
Konfrans hibrid formada keçirilmiş, həm onlayn, həm də əyanı formada çıxışlar dinlənilmişdir.