Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şəhərsalma və memarlıq ili” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Konstitusiya – hüquqlarımızın və azadlıqlarımızın təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək Konstitusiyanın dövlətçiliyimizin möhkəmləndirilməsində, milli suverenliyimizin qorunmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm rolundan bəhs edib. O, Konstitusiyanın hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyini vurğulayaraq bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Dövlətçilik ənənələrimizdən müasir Konstitusiyaya” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan dövlətçilik tarixinin hüquqi əsasları, Konstitusiyanın yaranma zərurəti və müasir dövlət quruculuğundakı əhəmiyyəti barədə məlumat verib.
Ardınca mövzu ətrafında çıxışlar dinlənilib. Sosial və xüsusi fənlər kafedrasının müəllimi Təranə Mütəllimova “Azərbaycan Konstitusiyası milli suverenliyin və müasir dövlətçiliyin hüquqi təməli” mövzusunda çıxışında Konstitusiyanın dövlət müstəqilliyinin və milli suverenliyin hüquqi təminatçısı kimi rolunu diqqətə çatdırıb.
İnsan resursları və kargüzarlıq şöbəsinin əməkdaşı Aytən Novruzova “Azərbaycan Respublikası Konstitusiyasında əmək hüquqları və sosial təminat” mövzusunda çıxış edərək vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminat və bu sahədə Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplərdən bəhs edib.
Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Fidan Qafarova isə “Konstitusiya və gənclik: hüquqdan məsuliyyətə” mövzusunda çıxışında gənclərin hüquqi biliklərinin artırılmasının, hüquq və vəzifələrini dərk etmələrinin, cəmiyyət qarşısında məsuliyyətli vətəndaş kimi formalaşmalarının vacibliyini vurğulayıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Konstitusiyanın cəmiyyət həyatında rolu, hüquqi maarifləndirmənin əhəmiyyəti və vətəndaş məsuliyyəti ilə bağlı müzakirələr keçirilib.





