ADPU Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Abdullayev Babək və dosenti Cavadova Zərifə təşkilatçılığı ilə Tarix və coğrafiya müəllimliyi və Tarix müəllimliyi ixtisaslarının I tədris ili tələbələri Qobustan tarixi-mədəni qoruğuna ekskursiya ediblər.
Ekskursiyanın əsas məqsədi tələbələrin tarix və coğrafiya fənləri üzrə nəzəri biliklərini zənginləşdirmək, Azərbaycanın qədim tarixi və mədəni irsi ilə yaxından tanış olmalarını təmin etmək, həmçinin onlarda tarixi abidələrin qorunmasına maraq və məsuliyyət hissini formalaşdırmaq olub.
Ekskursiya zamanı tələbələr Qobustanın qədim tarixi, ərazidə aşkar edilmiş qayaüstü təsvirlər, qədim insanların həyat tərzi, məşğuliyyəti və dünyagörüşü haqqında məlumat əldə ediblər. Qobustan qayaüstü təsvirləri qədim insanların gündəlik həyatını, ovçuluq və rəqs səhnələrini, eləcə də onların təbiətlə münasibətlərini öyrənmək baxımından mühüm tarixi mənbə hesab olunur.
Bu cür maarifləndirici ekskursiyalar tələbələrin tarixi hadisə və prosesləri əyani şəkildə öyrənməsinə, nəzəri biliklərini praktik müşahidələrlə əlaqələndirməsinə və gələcək pedaqoji fəaliyyətləri üçün zəruri olan tədqiqat bacarıqlarının inkişafına şərait yaradır.
Ekskursiya tələbələrin Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında biliklərinin artırılması, milli-mədəni dəyərlərə hörmət ruhunda formalaşması və gələcək müəllim kimi peşəkar inkişafı baxımından əhəmiyyətli olub.


