2026-cı il oktyabrın 30-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “ZƏFƏR” II Beynəlxalq Elmi-Araşdırmalar Konfransı öz işinə başlayıb.

Azərbaycan, Türkiyə, Kipr, Qazaxıstan, Rusiya, Albaniya, Nigeriya, Kanada və Makedoniyadan olan alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq tədbir müxtəlif elm sahələri üzrə tədqiqatların təqdim olunması, elmi təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm platforma rolunu oynayır.

Konfransın Şuşada keçirilməsi tədbirə xüsusi mənəvi və ictimai məzmun qazandırır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzinə çevrilən Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin tarixi-mədəni irsinin, milli birliyinin və bərpa-quruculuq prosesinin beynəlxalq miqyasda təqdim olunduğu mühüm məkandır. Belə bir məkanda elmi dialoqun təşkili Zəfər ideyasının elmi və intellektual müstəvidə yaşadılmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq elmi auditoriyaya çatdırılmasına da xidmət edir.

Konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxışında tədbirin təşkilati və elmi əhəmiyyətini vurğulayaraq müxtəlif ali təhsil müəssisələri və elmi qurumlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib. O, başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Zəfəri bizə yaşadanlara ehtiramını ifadə edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADPU-nun rektoru professor Cəfər Cəfərov da daxil olmaqla, konfransın bütün təşkilat və elmi komitəsinə təşəkkürünü bildirən Tünzalə Yusifova beynəlxalq elmi platformaların tədqiqatçıların elmi potensialının üzə çıxarılması, elmi nəticələrin paylaşılması və yeni birgə təşəbbüslərin formalaşdırılması üçün yaratdığı imkanlardan bəhs edib. Çıxış zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İKSAD-ın Azərbaycan üzrə baş direktoru filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərov Əmək çıxışında konfransın təşkilində göstərdikləri əməkdaşlığa görə ADPU-nun Şamaxı filialına və digər təşkilatçılara təşəkkürünü bildirib. O, müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirən belə elmi platformaların beynəlxalq əməkdaşlığın inkişafı və elmi bilik mübadiləsi baxımından əhəmiyyətini qısa şəkildə vurğulayıb. Konfransın Azərbaycanın tarixi Zəfərinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu mövzunun beynəlxalq elmi müstəvidə təbliğinin vacibliyinə diqqət çəkib.

Açılış mərasimində ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Şuşa Zəfəri – Ali Baş Komandanın, millətin və ordunun sarsılmaz birliyinin təntənəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şuşa Zəfərinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycan xalqının milli birliyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mahiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, Şuşanın Azərbaycan ədəbiyyatında və milli-mənəvi yaddaşımızda tutduğu xüsusi yerə toxunularaq, şəhərin zəngin ədəbi-mədəni irsinin xalqımızın tarixi kimliyinin formalaşmasındakı rolu vurğulanıb.

Açılış mərasimindən sonra konfrans öz işini əyani formatda bölmələr üzrə davam etdirib. Müxtəlif elm sahələrini əhatə edən məruzələr dinlənilib, aktual elmi problemlər ətrafında müzakirələr aparılıb, iştirakçılar öz tədqiqat nəticələrini beynəlxalq elmi auditoriyanın diqqətinə çatdırıblar.

Konfrans çərçivəsində oktyabrın 30-da iştirakçılar üçün Qarabağın tarixi və mədəni irsi ilə tanışlıq məqsədilə Ağdam Cümə məscidinə, Əsgəran qalasına və Xankəndi şəhərində yerləşən Zəfər parkına ekskursiyalar təşkil olunub. Bu səfərlər iştirakçılara Qarabağın zəngin tarixi, mədəniyyəti, memarlıq nümunələri və təbii gözəllikləri ilə yaxından tanış olmaq, bölgədə aparılan bərpa və quruculuq işlərini müşahidə etmək imkanı yaradıb.

Oktyabrın 31-də konfransın işi onlayn bölmələr üzrə davam etdirilib, müxtəlif ölkələri təmsil edən iştirakçıların elmi məruzələri dinlənilib. Həmçinin proqram çərçivəsində Şuşanın tarixi məkanlarına tanışlıq səfərləri təşkil olunub.

Şuşada keçirilən bu konfrans elmin birləşdirici gücünü Zəfər məkanının mənəvi dəyəri ilə bir araya gətirərək beynəlxalq elmi dialoqa öz töhfəsini verir.