ADPU-nun Şamaxı filialında “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Tarixi irsdən dayanıqlı gələcəyə” mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Şamaxının zəngin tarixi-mədəni irsinin təbliği, memarlıq abidələrinin qorunmasının əhəmiyyətinin vurğulanması, rayonun müasir inkişafı və şəhərsalma sahəsində əldə olunan nailiyyətlər barədə məlumatların bölüşdürülməsi olmuşdur.

Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının dosenti Cavadova Zərifə Şamil qızı “Şamaxının tarixi-mədəni irsi” mövzusunda çıxış edərək rayonun qədim tarixi, mədəni dəyərləri və tarixi abidələri haqqında məlumat vermişdir. Kafedranın müəllimi Həmidova Zərifə Mahmud qızı “Şamaxı rayonunun infrastrukturu, müasir inkişafı və yeni tikililər” mövzusunda çıxışında rayonun infrastrukturunda baş verən yeniliklərə, müasir şəhərsalma proseslərinə və tikinti işlərinin əhəmiyyətinə toxunmuşdur.

Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Məmişova Aysel “Şirvanşahlar dövlətinin maddi mədəniyyət abidələri” mövzusunda təqdimatla çıxış edərək Azərbaycan tarixində mühüm yer tutan Şirvanşahlar dövlətinin maddi-mədəni irsi barədə məlumat vermişdir. Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Hüseynova Səriyə “Şamaxı rayonunun biomüxtəlifliyi” mövzusunda çıxışında bölgənin təbii sərvətləri, bitki və heyvanlar aləminin zənginliyi və təbiətin mühafizəsinin vacibliyini diqqətə çatdırmışdır. Eyni ixtisasın IV tədris ili tələbəsi Əlizadə Tavat isə “Şamaxı şəhərinin iqlimi” mövzusunda təqdimat edərək şəhərin iqlim xüsusiyyətləri və onların ətraf mühitə təsiri haqqında məlumat vermişdir.

Tədbir çərçivəsində tarixi irsin qorunması, memarlıq ənənələrinin yaşadılması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və təbii sərvətlərin mühafizəsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda mövzu ətrafında diskussiya keçirilmiş, iştirakçılar tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılmasının və dayanıqlı inkişafın təmin edilməsinin əhəmiyyətini vurğulamışlar.

Tədbir müəllim və tələbələrin mövzu ilə bağlı biliklərinin artırılması, tarixi-mədəni irsə və milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi, eləcə də Şamaxının tarixi və müasir inkişafı haqqında məlumatlılığın genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.