Sentyabr ayında yeni tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji fakültədə fakültə dekanının qrup nümayəndələri, eləcə də tyutorların birinci tədris ili tələbələri ilə görüşləri təşkil olunmuşdur. Görüşlərin əsas məqsədi tədris prosesinin səmərəli təşkili, akademik intizamın təmin edilməsi, tələbələrin tədris qaydaları barədə məlumatlandırılması və onların ali təhsil mühitinə uyğunlaşmasına dəstək göstərilməsi olmuşdur.
Pedaqoji fakültənin dekanı ilə qrup nümayəndələrinin görüşündə yeni tədris ilində qarşıda duran prioritet vəzifələr, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, akademik intizamın qorunması, tələbələrin məsuliyyət hissinin artırılması və fakültədaxili kommunikasiya mexanizmlərinin səmərəli təşkili məsələləri müzakirə edilmişdir. Görüş zamanı qrup nümayəndələrinin tələbələrlə fakültə rəhbərliyi arasında əlaqələndirici funksiyası xüsusi vurğulanmış, onların tələbələrin müraciət və təkliflərinin aidiyyəti üzrə çatdırılmasında, eləcə də tədris prosesinin təşkilinə dair məsələlərin həllində fəal iştirakının əhəmiyyəti qeyd olunmuşdur.
Tyutorların birinci tədris ili tələbələri ilə keçirdikləri görüşlərdə isə kredit sistemi əsasında tədrisin təşkili, ixtisaslar üzrə illik işçi tədris planlarının məzmunu, fərdi tədris planlarının hazırlanması və seçilmiş fənlər üzrə tədrisin planlaşdırılması qaydaları ətraflı izah edilmişdir. Eyni zamanda, təkrar dinləmələrdə iştirak edəcək tələbələrin fərdi tədris planlarının hazırlanması, onların akademik göstəricilərinin nəzərə alınması və tədris prosesinin mövcud akademik vəziyyətlərinə uyğun planlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Keçirilən görüşlər tələbələrin tədris prosesinin təşkili ilə bağlı məlumatlılığının artırılması, akademik məsuliyyətlərinin gücləndirilməsi və yeni tədris ilinin tələblərinə uyğunlaşmalarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Pedaqoji fakültədə tədris prosesinin sistemli və məqsədyönlü təşkili, tələbə–rəhbərlik–tyutor əməkdaşlığının inkişafı və təhsil keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.





