Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Təhsil Tələbə Krediti Fondunun nümayəndələrinin iştirakı ilə tələbələr üçün maarifləndirmə görüşü təşkil olunub.
Görüşün əsas məqsədi tələbələri Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, təhsil tələbə kreditlərindən yararlanma imkanları, müraciət qaydaları və kreditlərin verilməsi şərtləri barədə ətraflı məlumatlandırmaq, eləcə də gənclərin təhsilə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermək olub.
Maarifləndirmə görüşündə Təhsil Tələbə Krediti Fondunun aparıcı mütəxəssisi Günay Xəlilova və mütəxəssisi Kifayət Lələzadə çıxış ediblər.
Günay Xəlilova çıxışı zamanı Fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditlərinin sosial əhəmiyyəti və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib. O, təhsil tələbə kreditlərinin ali təhsil almaq istəyən gənclərin maliyyə imkanlarından asılı olmayaraq təhsil hüququndan yararlanmalarına dəstək göstərdiyini diqqətə çatdırıb. Həmçinin kreditlərdən yararlanmaq üçün müəyyən edilmiş şərtlər, müraciət prosesi və tələb olunan sənədlər haqqında ətraflı məlumat təqdim edib.
Kifayət Lələzadə isə çıxışında təhsil tələbə kreditlərinin növləri, onlardan istifadə qaydaları və müraciət zamanı nəzərə alınmalı məqamlar barədə danışıb. O, tələbələrin elektron müraciət prosesi, müvafiq tələblər və kreditlərin əldə olunması mərhələləri ilə bağlı məlumatlı olmalarının vacibliyini vurğulayıb, Fondun təqdim etdiyi imkanlardan düzgün və səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, təhsil tələbə kreditləri ilə bağlı onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Belə maarifləndirici görüşlər tələbələrin məlumatlılığının artırılması, təhsil imkanlarının genişləndirilməsi və gənclərin ali təhsil almaq hüququnun dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.



