Sosial və xüsusi fənlər kafedrasının Dosenti Mikayılov Şasəddin.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi siyasi, hərbi, iqtisadi və ictimai inkişaf yolunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda həm ölkənin əldə etdiyi tarixi nailiyyətlərə nəzər salınır, həm də Azərbaycanın qarşısında duran gələcək vəzifələr müəyyənləşdirilir. Mənim təhlilimə görə, çıxışın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra formalaşan yeni mərhələ əvvəlki dövrlərlə müqayisəli şəkildə izah edilir. Bu baxımdan çıxış yalnız siyasi partiyanın qurultayında səsləndirilmiş fikirlər toplusu deyil, eyni zamanda Azərbaycanın keçdiyi yolun ümumiləşdirilməsi və gələcək inkişaf istiqamətlərinin göstərilməsi kimi qiymətləndirilə bilər.
VIII Qurultayın keçirilməsini fərqləndirən əsas məqamlardan biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi bu tədbiri keçirməsidir. Çıxışda qeyd olunur ki, VII Qurultay 2020-ci il Zəfərindən cəmi bir neçə ay sonra keçirilmişdi. Həmin dövrdə Azərbaycan yeni qələbə əldə etmiş və regionda yeni reallıqlar yaratmışdı. VIII Qurultay isə artıq bu reallıqların daha da möhkəmləndiyi bir mərhələyə təsadüf edir. Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfərlə yanaşı, 2023-cü il sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
Çıxışın mühüm hissəsini Azərbaycanın bu Zəfərə qədər keçdiyi mürəkkəb yol təşkil edir. Burada vurğulanır ki, əldə edilən nəticə asan başa gəlməmiş, Azərbaycan uzun illər ərzində müxtəlif siyasi təzyiqlərlə, beynəlxalq səviyyədə aparılan kampaniyalarla və təhdidlərlə qarşılaşmışdır. Buna baxmayaraq, Azərbaycanın siyasi iradəsi və xalqın vahid mövqeyi bu təzyiqlərin qarşısında mühüm amil olmuşdur. Bu baxımdan Zəfərin yalnız hərbi gücün nəticəsi kimi deyil, həm də siyasi qətiyyət, milli birlik və ardıcıl dövlət siyasətinin nəticəsi kimi təqdim edilməsi diqqət çəkir.
İkinci Qarabağ müharibəsi çıxışda Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. 8 Noyabrın əbədi bayram kimi qeyd olunması ilə yanaşı, 20 Sentyabrın da xüsusi tarixi əhəmiyyəti vurğulanır. Çünki 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoymuş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Burada şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də xüsusi qeyd olunur. Mənim fikrimcə, çıxışın bu hissəsində hərbi qələbənin həm milli tarix, həm də dövlətçilik baxımından əhəmiyyəti ön plana çəkilir. Eyni zamanda, bu qələbənin böyük dövlətlərin və müxtəlif beynəlxalq qüvvələrin müqaviməti fonunda əldə edilməsi xüsusi vurğulanır.
Çıxışda Azərbaycan xalqının müharibə dövründə vahid mövqedə olması da mühüm amil kimi göstərilir. Xalqın “yumruq kimi” birləşməsi ifadəsi burada milli birliyin və ümumi məqsəd ətrafında həmrəyliyin göstəricisi kimi çıxış edir. Bu birlik nəticəsində Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə nail olmuş və regionda yeni geosiyasi reallıq yaratmışdır. Əvvəllər Qarabağla bağlı tamamilə fərqli mövqedə dayanan qüvvələrin sonradan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi də bu yeni reallığın nəticəsi kimi təqdim olunur. Çıxışda eyni zamanda tarixi hadisələrin təhrif edilməməsinin vacibliyi vurğulanır. Xüsusilə 2018–2020-ci illərdə baş verən proseslərin düzgün xatırlanması və tarixi faktların sonrakı siyasi yanaşmalarla dəyişdirilməməsi məsələsinə diqqət yetirilir.
2020-ci il Zəfərindən sonra Azərbaycanın fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyünün tam bərpasına yönəlmişdir. Bu dövrdə fəaliyyət yalnız hərbi sahə ilə məhdudlaşmamış, siyasi və diplomatik istiqamətlərdə də davam etdirilmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyini izah etməsi, beynəlxalq maarifləndirmə işinin aparılması, Qarabağ bölgəsində strateji mövqelərin möhkəmləndirilməsi və müxtəlif hərbi əməliyyatların həyata keçirilməsi bu prosesin əsas istiqamətləri kimi təqdim edilir. Çıxışda 2022-ci ilin oktyabrında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının da sonrakı proseslər üçün mühüm hüquqi və siyasi zəmin yaratdığı qeyd edilir.
Çıxışın mühüm istiqamətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması və onun Azərbaycanın sonrakı siyasi inkişafında rolu ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis qurultayının keçirilməsi Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilir. Həmin dövrdə ölkədə siyasi və iqtisadi böhran dərinləşmiş, ərazilərin işğalı prosesi genişlənmiş və dövlət idarəçiliyində ciddi problemlər yaranmışdı. Şuşa və Laçının 1992-ci ilin mayında, Kəlbəcərin isə 1993-cü ilin aprelində işğal olunması Azərbaycanın həmin dövrdə üzləşdiyi ağır vəziyyəti göstərən hadisələr kimi təqdim olunur. Bu baxımdan YAP-ın yaradılması ölkədə siyasi sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsinə ehtiyacın artdığı bir şəraitdə baş vermiş hadisə kimi izah edilir.
Çıxışda Heydər Əliyevin siyasi fəaliyyətinə və 1993-cü ildə hakimiyyətə qayıdışına xüsusi yer ayrılır. Burada xalqın həmin dövrdə Heydər Əliyevin siyasi təcrübəsinə və liderlik imkanlarına ümid bağladığı qeyd edilir. 1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin çox ağır vəziyyətdə olduğu bir dövrə təsadüf etmişdi. Həmin vaxt ölkədə iqtisadi böhran, yüksək inflyasiya, enerji çatışmazlığı, boş xəzinə, qaçqın və məcburi köçkün problemi, separatçılıq və dövlət çevrilişi cəhdləri kimi ciddi problemlər mövcud idi. Çıxışda Heydər Əliyevin əsas xidmətlərindən biri kimi Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsi və dövlətçiliyin qorunması göstərilir.
Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətləri kimi müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi göstərilir. 1993–2003-cü illər Azərbaycanın beynəlxalq təcriddən çıxması, iqtisadi inkişaf üçün əsasların yaradılması və dövlətçilik institutlarının möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi təqdim edilir. Bu dövrdə xarici sərmayələrin cəlb edilməsi, “Əsrin kontraktı”nın imzalanması və ölkənin ümumi inkişaf strategiyasının müəyyənləşdirilməsi mühüm addımlar kimi qeyd olunur. Buradan belə nəticəyə gəlmək olar ki, çıxışda siyasi və iqtisadi inkişaf bir-birindən ayrı proseslər kimi deyil, bir-birini tamamlayan istiqamətlər kimi təqdim edilir. Güclü iqtisadiyyatın dövlətin siyasi və hərbi imkanlarının genişlənməsinə şərait yaratdığı fikri ön plana çıxır.
Çıxışda Azərbaycanın 2003-cü ildən sonrakı dövrdə beynəlxalq mövqeyinin daha da gücləndiyi bildirilir. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi, beynəlxalq aləmdə öz maraqlarını müdafiə edən dövlət kimi çıxış etməsi və qarşıya qoyulan əsas strateji məqsədlərin həyata keçirilməsi xüsusi vurğulanır. Ərazi bütövlüyünün və suverenliyin bərpası da uzunmüddətli dövlət siyasətinin əsas nəticəsi kimi göstərilir. Beləliklə, 2003-cü ildə qarşıya qoyulan əsas məqsədlərdən birinin həyata keçirilməsi Azərbaycanın müasir tarixində mühüm mərhələ kimi qiymətləndirilir.
Çıxışın gələcəyə yönəlmiş əsas məsələlərindən biri hərbi gücün daha da artırılmasıdır. Azərbaycan ərazi bütövlüyünü bərpa etsə və Ermənistanla münaqişə başa çatsa da, dünyada baş verən proseslər təhlükəsizlik məsələsinin daim diqqətdə saxlanılmasını tələb edir. Dünyanın müxtəlif bölgələrində müharibələrin və münaqişələrin artması, Azərbaycanın ətrafında müxtəlif təhlükəsizlik risklərinin mövcudluğu hərbi potensialın gücləndirilməsini zəruri edən amillər kimi göstərilir. Bu yanaşmaya əsasən, dövlətin əsas vəzifələrindən biri mümkün hərbi təxribatların qarşısını alacaq qədər güclü olmaqdır. Bununla yanaşı, hərbi və təhlükəsizlik məsələləri ilə yanaşı Qarabağın və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlərin də diqqətdə saxlanıldığı qeyd olunur.
Təhlükəsizlik məsələsi çıxışda yalnız hərbi təhlükələrlə məhdudlaşdırılmır. Müasir informasiya və texnologiya dövründə ideoloji təhlükələrin də ciddi əhəmiyyət daşıdığı vurğulanır. İnternet, kiberməkan və süni intellektin geniş yayıldığı şəraitdə müxtəlif ideoloji təxribatların cəmiyyətə təsir imkanları artır. Bu baxımdan təhsil və vətənpərvərlik əsas vasitələrdən biri kimi göstərilir. Xalqın bilikli, savadlı və məlumatlı olması onun yalan məlumatlara, şayiələrə və müxtəlif ideoloji təsirlərə qarşı daha davamlı olmasına imkan verir. Mənim fikrimcə, çıxışın bu hissəsində təhsilin yalnız sosial və mədəni inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizliyin mühüm elementi kimi təqdim olunması xüsusilə diqqətəlayiqdir.
Xarici siyasətlə bağlı fikirlər də çıxışın əsas istiqamətlərindən birini təşkil edir. Burada Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, müxtəlif dövlətlərlə münasibətlər qurması və öz milli maraqlarını müdafiə etməsi əsas prinsip kimi təqdim edilir. Azərbaycanın müxtəlif beynəlxalq formatlarda iştirak etməsi, eyni zamanda konkret siyasi düşərgələrdən birinə qoşulmaması onun müstəqil siyasətinin göstəricisi kimi izah edilir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi də bu siyasətin nəticələrindən biri kimi göstərilir. Azərbaycanın müxtəlif ölkələrlə əlaqələr qurması və beynəlxalq məsələlərdə fəal iştirak etməsi onun regional və beynəlxalq əhəmiyyətini artıran amillər kimi qiymətləndirilir.
İslam həmrəyliyinin gücləndirilməsi də xarici siyasətin mühüm istiqamətlərindən biri kimi təqdim edilir. Azərbaycanın D-8 təşkilatına üzv olması və İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsi bu istiqamətdə atılan addımlar kimi göstərilir. Çıxışda Azərbaycanın İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə töhfə verməyə çalışdığı vurğulanır.
Bununla yanaşı, Azərbaycanın Çin və ABŞ kimi böyük dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurması da çıxışda xüsusi qeyd olunur. Burada Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilməsinin əhəmiyyəti vurğulanır. Çıxışda Azərbaycanın öz sözünün və imzasının arxasında dayanması, xarici siyasətdə ikili standartlardan uzaq olmağa çalışması ölkənin beynəlxalq nüfuzunu artıran amillər kimi təqdim edilir. Eyni zamanda, hərbi Zəfərdən sonra Azərbaycanın sülhə üstünlük verməsi, lazımi məqamda hərbi əməliyyatları dayandırması və yeni müharibələrin qarşısının alınmasına çalışması da strateji düşüncə və dövlət maraqlarının nəzərə alınması ilə əlaqələndirilir.
Çıxışda iqtisadi və sosial məsələlər də mühüm yer tutur. Əhalinin rifahının yüksəldilməsi məqsədilə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulduğu bildirilir. Lakin bu siyasətin davamlı olması üçün iqtisadi inkişafın vacibliyi də xüsusi qeyd olunur. İnvestisiyaların cəlb edilməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi və xarici sərmayələrin artırılması ölkənin iqtisadi potensialının genişləndirilməsi baxımından əsas amillər kimi təqdim edilir.
Maliyyə sabitliyi də çıxışda Azərbaycanın iqtisadi imkanlarının mühüm göstəricilərindən biri kimi təqdim edilir. Xarici borcun ümumi daxili məhsula nisbətinin aşağı səviyyədə olması, valyuta ehtiyatlarının artması və investisiya imkanlarının genişlənməsi ölkənin maliyyə dayanıqlığının göstəriciləri kimi qeyd olunur. Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, iqtisadi siyasətdə əsas məqsədlərdən biri yalnız mövcud imkanlardan istifadə etmək deyil, gələcək nəsillər üçün də maliyyə və iqtisadi baxımdan dayanıqlı dövlət yaratmaqdır.
Azərbaycanın enerji potensialı da çıxışda geniş şəkildə nəzərdən keçirilir. Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı və ixracı imkanlarına malik ölkə kimi təqdim edilir. Müasir dövrdə enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi ilə birbaşa əlaqəli olması Azərbaycanın enerji resurslarının beynəlxalq əhəmiyyətini artırır. Dünyanın müxtəlif bölgələrində enerji böhranlarının yaşandığı bir şəraitdə Azərbaycanın enerji potensialının ölkənin geosiyasi əhəmiyyətini daha da artırdığı vurğulanır.
Bununla yanaşı, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın gələcək inkişafında mühüm istiqamət kimi göstərilir. Orta Dəhliz və Şimal–Cənub Dəhlizi vasitəsilə ölkənin tranzit imkanlarının artırılması, yeni iqtisadi əlaqələrin yaradılması və tranzit gəlirlərinin yüksəldilməsi nəzərdə tutulur. Çıxışda tranzit yüklərin həcminin artırılması ilə yanaşı, bunun yeni iş yerlərinin yaradılmasına və Azərbaycanın regional əhəmiyyətinin daha da yüksəlməsinə səbəb olacağı qeyd edilir.
Çıxışın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış” prosesidir. Ərazilərin bərpası yalnız fiziki infrastrukturun yenilənməsi kimi deyil, həmin bölgələrin yenidən yaşayış və iqtisadi fəaliyyət məkanına çevrilməsi prosesi kimi təqdim olunur. Çıxışda bu ərazilərin inkişafına ayrılmış vəsait, burada yaşayan, işləyən və təhsil alan insanların sayı, həmçinin artıq keçmiş məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış məntəqələri barədə məlumat verilir. Qarşıdakı illərdə “Böyük Qayıdış”ın daha da sürətləndiriləcəyi bildirilir.
Ümumilikdə, mənim təhlilimə görə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışının əsas məzmununu Azərbaycanın keçdiyi tarixi yolun ümumiləşdirilməsi, əldə olunmuş Zəfərin siyasi və tarixi əhəmiyyətinin qiymətləndirilməsi və qarşıdakı dövr üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi təşkil edir. Çıxışda Qarabağ məsələsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası xüsusi yer tutsa da, mövzu yalnız hərbi qələbə ilə məhdudlaşmır. Dövlətçilik, iqtisadi müstəqillik, hərbi güc, milli təhlükəsizlik, ideoloji dayanıqlıq, təhsil, xarici siyasət, enerji, nəqliyyat, sosial rifah və “Böyük Qayıdış” kimi məsələlər vahid inkişaf strategiyasının tərkib hissələri kimi təqdim edilir.
Nəticə olaraq, çıxışın əsas məntiqini keçmişdə əldə edilmiş nailiyyətlərin qorunması və həmin nailiyyətlər əsasında Azərbaycanın gələcək inkişafının təmin edilməsi kimi ifadə etmək mümkündür. Ərazi bütövlüyünün və suverenliyin bərpası mühüm tarixi nəticə kimi qiymətləndirilir, lakin bununla yanaşı yeni mərhələdə qarşıda duran vəzifələrin də kifayət qədər çox olduğu göstərilir. Hərbi və milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, beynəlxalq mövqelərin daha da gücləndirilməsi, enerji və nəqliyyat imkanlarından səmərəli istifadə, sosial rifahın artırılması və Qarabağla Şərqi Zəngəzurun bərpası bu vəzifələrin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan çıxışı Azərbaycanın həm keçmiş inkişaf yoluna verilən siyasi qiymət, həm də gələcək üçün müəyyən edilən strateji istiqamətlərin ümumi ifadəsi kimi qiymətləndirmək olar.
