ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenlik Gününə həsr olunmuş  “Suverenliyimiz dövlətçiliyimizin təməli, gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova çıxış edərək qeyd edib ki, Azərbaycanın dövlət suverenliyinin xalqımızın milli iradəsinin və dövlətçilik ənənələrinin əsas göstəricilərindən biri olduğunu vurğulayaraq, suverenliyin qorunmasının hər bir vətəndaşın, xüsusilə gənc nəslin qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib. Çıxışında gənclərin dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinin və onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətindən də bəhs edib.

Tədbir zamanı Azərbaycanın dövlət suverenliyinin tarixi əsasları, onun bərpası, hüquqi və siyasi aspektləri, eləcə də suverenliyin gənc nəslin dünyagörüşündə əhəmiyyəti barədə geniş məlumat verilib.

Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Azərbaycanın dövlət suverenliyinin tarixi əsasları və bərpası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın müstəqilliyinin və suverenliyinin formalaşması prosesinin mühüm tarixi mərhələləri diqqətə çatdırılıb.

Daha sonra kafedranın dosenti Şasəddin Mikayılov “Suveren Azərbaycan bu gündən gələcəyə” mövzusunda çıxış edib. Çıxışda ölkəmizin əldə etdiyi nailiyyətlər, suverenliyin qorunmasının əhəmiyyəti və Azərbaycanın gələcək inkişaf perspektivləri barədə fikirlər səsləndirilib.

Kafedranın müəllimi Təranə Mütəllimova “Azərbaycanın suverenliyinin hüquqi və siyasi aspektdə təmin olunması” mövzusundaçıxış edərək dövlət suverenliyinin hüquqi əsasları, onun təmin olunmasında dövlət institutlarının rolu və siyasi sabitliyin əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Fidan Qafarova “Gənclərin baxışında suveren Azərbaycan” mövzusunda çıxış edib. Tələbə çıxışında gənclərin dövlətçilik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rolundan bəhs edib.

Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi və müzakirələri ilə davam edib. Görüşün əsas məqsədi gənclərdə dövlətçilik və suverenlik anlayışları barədə məlumatlılığın artırılması, milli dövlətçilik dəyərlərinin təbliği və gələcək nəsillərin bu istiqamətdə maarifləndirilməsinə töhfə vermək olub.