İlham Əliyev və Türk dünyasının dini liderləri ilə görüşün əsas məqamları.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Əliyeva Mehparə Məmməd qızı.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının Bakıda eyni vaxtda keçirilməsinin böyük rəmzi məna daşıdığını bildirib. Dövlət başçısı bu tədbirlərin Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin və birliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan xalqı Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahi şəxsiyyətləri ilə fəxr edir. Bu böyük mütəfəkkir və şairlərin yaratdığı zəngin tarixi-mədəni irs yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə İslam dünyası üçün böyük dəyər təşkil edir.
İlham Əliyev dini liderlərin müxtəlif ölkələrdən və bölgələrdən Bakıda bir araya gəlməsini birliyin nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi kimi bu prosesdə xüsusi rola malikdir. Türk dünyası və Qafqazın tarixən bir-biri ilə sıx bağlı olduğunu qeyd edən Prezident Azərbaycanda keçirilən belə tədbirlərin dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərini daha da gücləndirdiyini bildirib. Dövlət başçısı müsəlman dini liderlərin sözlərinin müsəlman icmaları üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, dini liderlərin sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa çağırışları bölgədə sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Prezident Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirləri xatırladıb. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da yalnız idman yarışı deyil, böyük birlik bayramı kimi qəbul edildiyini qeyd edib.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, müsəlman ölkələri arasında mövcud olan fikir ayrılıqlarının və qarşıdurmaların aradan qaldırılmasının, İslam dünyasının vahid ailə kimi birləşməsinin vacibliyini bildirib. Dövlət başçısı dini liderlərin birgə fəaliyyətinin bu istiqamətdə mühüm rol oynaya biləcəyini qeyd edib və Bakıda keçirilən dini liderlər toplantısının ənənəvi xarakter daşımasının mümkünlüyünü diqqətə çatdırıb. Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer verib. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəklərini bildirən İlham Əliyev onların həm işğalın ağır nəticələrini, həm də hazırda bölgədə aparılan genişmiqyaslı quruculuq işlərini görəcəklərini vurğulayıb.
Dövlət başçısı 30 illik işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılardan, şəhər və kəndlərin, mədəni və dini abidələrin məhv edilməsindən danışıb. O, xüsusilə məscidlərin dağıdılmasını Azərbaycan xalqına və bütövlükdə İslam dünyasına qarşı təhqir kimi qiymətləndirib. Prezident bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə məscidlərdən başlanılması Azərbaycanın milli-mənəvi dəyərlərə və İslam dininə münasibətinin göstəricisidir. Ağdam məscidinin bərpasının bu istiqamətdə ilk layihələrdən biri olduğunu, artıq bir sıra məscidlərin bərpa edilərək istifadəyə verildiyini və prosesin davam etdiyini qeyd edib.
İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlandığını bildirib. “Böyük Qayıdış” proqramının icrası nəticəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtdığını, şəhər və kəndlərdə yeni yaşayış məskənlərinin formalaşdığını diqqətə çatdırıb.
Prezident Azərbaycan xalqının müharibə zamanı və sonrasında beynəlxalq hüquqa və humanizm prinsiplərinə əsaslandığını vurğulayıb. O, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu və Ermənistanla uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müharibədə qalib tərəf olmasına baxmayaraq, sülh yolunu seçib və regionda davamlı sülhün təmin olunması üçün siyasi iradə nümayiş etdirib.
İlham Əliyev dünyada və xüsusilə müxtəlif regionlarda qarşıdurmaların artmasından narahatlığını ifadə edərək Türk dünyasının və Qafqazın sülh və sabitlik məkanı kimi qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud şəraitdə dövlətlər və xalqlar arasında əməkdaşlıq, qarşılıqlı etimad və birlik xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq təşkilatlarda birləşdirici, əməkdaşlığa və sülhə istiqamət verən ölkə kimi fəaliyyət göstərdiyini bildirib. O, İslam dünyasına qarşı mənfi stereotiplərin, islamofobiyanın və dini dəyərlərə qarşı hörmətsizliyin qarşısının alınmasında müsəlman ölkələrinin həmrəyliyinin mühüm amil olduğunu qeyd edib.
Prezident İlham Əliyev dini liderləri və müsəlman ölkələrini birliyə, əməkdaşlığa və qarşılıqlı həmrəyliyə çağırıb. O vurğulayıb ki, Türk dünyası, Qafqaz və İslam aləminin birgə səyləri regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Çıxışının sonunda dövlət başçısı tədbirdə iştirak edən dini liderlərə təşəkkürünü bildirib, onların təmsil etdikləri xalqlara və ölkələrə sülh, əmin-amanlıq və rifah arzulayıb. Prezident həmçinin dini liderlərin sülh təşəbbüslərinə verdiyi dəstəyin Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
