ADPU-nun Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, p.ü.f.d Firidə Mustafayeva.

 

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindədir. Bu il ərzində Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın və Avropa diplomatiyasının rəhbəri xanım Kallasın ölkəmizə səfərlərindən sonra bu görüşün keçirilməsi ikitərəfli əlaqələrdə görünməmiş bir dinamikanın mövcudluğundan xəbər verir. Münasibətlərin bu cür müsbət və sürətli inkişafı hər iki tərəfin qarşılıqlı əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı daha da gücləndirmək iradəsini aydın şəkildə əks etdirir. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətlərin çox mühüm mərhələyə qədəm qoyduğunu növbəti dəfə nümayiş etdirdi.

Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı rolunda çıxış edir. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz İttifaqa üzv dövlətlərlə aparılır. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqı üçün əsas ticarət mərkəzidir və bölgədəki ümumi ticarətin təxminən 70 faizi ölkəmizin payına düşür. Bu tərəfdaşlığın ən strateji istiqamətlərindən biri isə enerji təhlükəsizliyidir. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan bəri Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. İndi qaz ixracımızın yarısı birbaşa Avropa İttifaqının üzv dövlətlərinə yönəldilir və artıq 10 Avropa ölkəsi Azərbaycan qazını qəbul edir. 3500 kilometrlik vahid boru kəməri sistemini birləşdirən Cənub Qaz Dəhlizi bu nəql prosesində əsas arteriya rolunu oynayır və hər bir dövlət üçün milli təhlükəsizliyin əsası olan enerji təhlükəsizliyini təmin edir.

Müasir dövrün çağırışlarına uyğun olaraq, Avropa Komissiyası ilə əlaqələrin yeni və sürətlə inkişaf edən qolunu bərpa olunan enerji sahəsi təşkil edir. Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialı, eləcə də bu enerjinin ötürülməsi üçün mövcud və tikiləcək yeni xətlər ikitərəfli strateji əməkdaşlığı yeni müstəviyə daşıyır. Artıq yerli və xarici şirkətlərlə imzalanmış müqavilələr yaxın 5-6 il ərzində ölkəmizə 8 giqavat həcmində Günəş və külək enerjisi əldə etmək imkanı verəcək ki, bu da gələcəkdə alternativ enerji ixracının da əhəmiyyətli dərəcədə artacağından xəbər verir.

Azərbaycan həm də bölgədə yolların çəkilməsi, yüklərin asan daşınması və ölkələrin bir-biri ilə əlaqə qurması üçün çox fəal işlər görür və yeni layihələr irəli sürür. Ölkəmiz coğrafi cəhətdən çox əlverişli yerdə yerləşir. Dünyanın ən mühüm ticarət yolları olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir. Bu yollar təkcə bizim üçün deyil, bu layihələrdə iştirak edən bütün qonşu və tərəfdaş ölkələr üçün çox faydalıdır və hamıya böyük qazanc gətirir. Biz qonşularımızla və digər dövlətlərlə qurduğumuz yaxşı münasibətlər sayəsində hər kəsin xeyrinə olan geniş bir əməkdaşlıq mühiti yaratmışıq. Dünyada baş verən son siyasi və iqtisadi dəyişikliklər göstərir ki, təhlükəsiz və sürətli ticarət yollarına indi daha çox ehtiyac var. Bu yeni vəziyyətdə Azərbaycandan keçən yüklərin həcmi də durmadan artır. Yaranan bu böyük tələbatı qarşılamaq üçün biz öz dəniz limanlarımızın və dəmir yollarımızın gücünü artırırıq. Ən önəmlisi odur ki, Azərbaycan bütün bu böyük işləri, nəqliyyat infrastrukturunun yenilənməsini tamamilə öz daxili maliyyə imkanları və planları hesabına həyata keçirir. Həm ölkə daxilində, həm də qonşu bölgələrdə yollara qoyulan bu böyük sərmayələr hər tərəfə daşınan yüklərin daha da çoxalmasına və ticarətin canlanmasına kömək edir.

Görüş zamanı həmçinin regional təhlükəsizlik və Azərbaycan ilə Ermənistan arasında uğurla irəliləyən normallaşma prosesi geniş müzakirə olunub. 30 il ərzində işğal altında qalmış torpaqlarını hərbi və siyasi vasitələrlə azad edərək suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ermənistana sülh təklif edib. Bu gün regionda sülhün artıq bir reallığa çevrildiyini vurğulayan dövlətimizin başçısı bu nailiyyəti gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmağın vacibliyini qeyd edib. Bu müstəvidə Avropa Komissiyasının dəstəyi və qurumun prosesə kömək etmək arzusu ölkəmiz tərəfindən yüksək dəyərləndirilir. Göstəriləcək hər hansı yardımın regiondakı müsbət dinamikanı gücləndirəcəyinə əminlik ifadə olunub və bu addımların Cənubi Qafqazı hər hansı ərazi iddialarından, münaqişələrdən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcəyi diqqətə çatdırılıb.