ADPU-nun Şamaxı filialında tədris olunan “Məktəbəqədər təhsil müəssisələrində nitqin inkişafı və metodikası” fənninin mühazirə və seminar məşğələləri şəxsiyyətyönümlü və nəticəyönümlü milli kurikulum standartlarının tələblərinə uyğun şəkildə təşkil edilir. Fənnin tədrisi zamanı tələbələrə məktəbəqədər yaş dövründə nitqin formalaşmasının nəzəri əsasları, nitq inkişafının mərhələləri, eləcə də uşaqlarda kommunikativ bacarıqların inkişaf etdirilməsi yolları ətraflı şəkildə öyrədilir.
Məşğələlərdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla kiçik, orta, böyük və məktəbə hazırlıq qruplarında nitqin inkişaf səviyyələri, söz ehtiyatının zənginləşdirilməsi, düzgün tələffüz vərdişlərinin formalaşdırılması, əlaqəli nitqin inkişafı və nitq mədəniyyətinin aşılanması məsələləri geniş şəkildə təhlil olunur. Tələbələr müxtəlif praktik tapşırıqlar, təqdimatlar, nümunəvi məşğələ planları və interaktiv fəaliyyətlər vasitəsilə nitq inkişafı metodikasını mənimsəyirlər.
Fənnin tədrisində müasir pedaqoji yanaşmalara üstünlük verilir, uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, onların yaradıcılıq və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulur. Eyni zamanda tələbələr məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı üzrə fəaliyyətin planlaşdırılması, qiymətləndirilməsi və təşkilinə dair zəruri peşə səriştələrinə yiyələnirlər. Bu isə gələcək tərbiyəçi-müəllimlərin peşəkar hazırlığının gücləndirilməsinə və məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


