Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin məsul əməkdaşları üçün keçirilən elektron təhsil sənədlərinin hazırlanması prosesi ilə bağlı təlimdə ADPU-nun Şamaxı filialının Pedaqoji fakültə dekanı Qahirə Şahbazova məsul şəxs qismində iştirak edib.

Təlim zamanı elektron təhsil sənədlərinin hazırlanması, təhsil proqramları və tədris planlarının sistemə işlənilməsi, eləcə də diplomqədərki proseslərin təşkili ilə bağlı ətraflı məlumat verilib, ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr izah olunub.

Təlimdən sonra ADPU-nun Şamaxı filialında bununla bağlı görüş keçirilib. Görüşdə filialın direktoru dosent Tünzalə Yusifova çıxışında qeyd edib ki, elektron təhsil sənədlərinin düzgün və vaxtında hazırlanması ali təhsil müəssisəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir və bu prosesdə iştirak edən hər bir əməkdaş üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməlidir.

Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d Şəlalə Seyidova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubun məzmunu, elektron təhsil sənədlərinin hazırlanması ilə bağlı qarşıda duran vəzifələr, eləcə də müəyyən edilmiş icra müddətləri haqqında ətraflı məlumat verib.

Ardınca Pedaqoji fakültə dekanı Qahirə Şahbazova tərəfindən  təlim zamanı əldə olunan məlumatlar kollektivin diqqətinə çatdırılıb, elektron təhsil sənədlərinin hazırlanması prosesinin məsuliyyətli və strateji əhəmiyyət daşıyan bir fəaliyyət olduğu vurğulanıb.

Görüş zamanı elektron təhsil sənədlərinin hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub, prosesin səmərəli təşkili məqsədilə əməkdaşlar arasında iş bölgüsü aparılıb, hər bir struktur bölməsinin öhdəlikləri müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.

Sonda qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.