Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin növbəti elmi uğuru əldə olunub. Belə ki, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri Muradova Lalə, Rüstəmova Tamella, Manafova Xuraman, Qasımova Ayşən və Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Cabbarova Nərminin elmi tədqiqat işləri Türkiyədə keçiriləcək ASES 12. Bilimsel Araştırmalar Kongresinə qəbul edilib.
Tələbələrin beynəlxalq elmi tədbirdə iştirakı Dil,ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynovanın elmi-metodik dəstəyi ilə həyata keçirilib. Bu uğur tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, elmi fəaliyyətə cəlb olunması və beynəlxalq akademik mühitdə təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla əlaqədar olaraq ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova tələbələrlə görüş keçirib. Görüş zamanı onların əldə etdikləri uğur yüksək qiymətləndirilib, beynəlxalq konfransda iştirakın tələbələrin gələcək elmi fəaliyyətləri üçün önəmli təcrübə olduğu vurğulanıb. Direktor tələbələri təbrik edərək onlara konfransda uğurlar və yeni nailiyyətlər arzulayıb.
Qeyd edək ki, tələbələrin elmi işlərinin beynəlxalq konfransa qəbul olunması filialda elmi-tədqiqat fəaliyyətinə göstərilən diqqətin və tələbələrin elmi potensialının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticəsidir.




