Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında müasir təhsil prinsiplərinə uyğun olaraq inklüziv təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə tələbələrin nəzəri bilik və praktik bacarıqlarının artırılması məqsədilə “İnklüziv təhsil” fənninin tədrisi yüksək səviyyədə təşkil olunur.

Filialda tədris olunan bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu fənn vasitəsilə gələcək mütəxəssislər inklüziv təhsilin mahiyyəti, əsas prinsipləri, xüsusi təhsil ehtiyacları olan şəxslərin təhsil hüquqları, onların cəmiyyətə inteqrasiyası, eləcə də inklüziv təhsil mühitinin formalaşdırılması ilə bağlı geniş biliklər əldə edirlər.

Dərslər zamanı müasir pedaqoji yanaşmalardan, interaktiv təlim metodlarından, qrup işlərindən və praktik nümunələrdən istifadə olunur. Tələbələr mövzu ilə bağlı araşdırmalar aparır, təqdimatlar hazırlayır və müxtəlif müzakirələrdə fəal iştirak edirlər. Bu isə onların inklüziv təhsil sahəsində peşəkar kompetensiyalarının formalaşmasına və gələcək fəaliyyətlərində bu bilikləri tətbiq etmələrinə imkan yaradır.

ADPU-nun Şamaxı filialında bütün ixtisaslar üzrə tədris olunan “İnklüziv təhsil” fənni tələbələrdə bərabər təhsil imkanları, sosial ədalət və humanist dəyərlərə əsaslanan peşəkar yanaşmanın formalaşdırılmasına mühüm töhfə verir. Filialda bu istiqamətdə həyata keçirilən tədbirlər gələcək pedaqoji və qeyri-pedaqoji kadrların müasir dövrün tələblərinə uyğun hazırlanmasına xidmət edir.