ADPU-nun Şamaxı filialında “Zamanı idarə etmək – həyatı idarə etmək” adlı təlim keçirilib

22 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Təhsildə sosial-psixoloji xidmət ixtisasının III tədris ili tələbələrinin iştirakı ilə “Zamanı idarə etmək – həyatı idarə etmək” adlı təlim təşkil olunub.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq tələbələrin şəxsi və peşəkar inkişafında vaxtın səmərəli idarə edilməsinin əhəmiyyətindən danışıb, bu kimi maarifləndirici tədbirlərin gənclərin gələcək fəaliyyətində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Pedaqogika və Psixologiya kafedrasının müəllimi Aydın Adıxanov çıxış edərək zamanın düzgün planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi, vaxt itkisinin qarşısının alınması və məhsuldarlığın artırılması yolları barədə ətraflı məlumat verib.

Təlim çərçivəsində tələbələr mövzu ilə bağlı təqdimatlar səsləndirib, fikir mübadiləsi aparıb və vaxtın idarə olunması sahəsində praktik tövsiyələrlə tanış olublar.

Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə yekunlaşıb.