Şamaxı şəhər 3 nömrəli tam orta məktəbdə filialın Pedaqoji təcrübədə olan tələbələri tərəfindən 9-cu sinif şagirdləri arasında “Riyaziyyatın ulduzları” adlı bilik yarışı keçirilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, filialın müəllimləri, pedaqoji təcrübədə olan tələbələr, həmçinin Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Şirinov Sahil və məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.
Tədbir Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Şirinov Sahil və ADPU Şamaxı filialının direktoru dosent Tünzalə Yusifovanın açılış nitqləri ilə başlamışdır. Çıxışlarda şagirdlərə uğurlar arzulanmış, bu cür bilik yarışlarının onların intellektual inkişafına və fənnə marağının artırılmasına töhfə verdiyi vurğulanmışdır.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçmiş, komandalar yüksək fəallıq və bilik nümayiş etdirmişlər. Sonda qalib komanda kubok və sertifikatlarla, digər komanda isə təşəkkürnamələrlə təltif olunmuşdur.
Sonda tədbirin təşkilində fəal iştirak edən pedaqoji təcrübədə olan tələbələrə də xüsusi təşəkkür bildirilmiş, onların bu prosesdəki rolu yüksək qiymətləndirilmişdir.




