18 may tarixində ADPU-nun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının sonuncu tədris ili tələbələri pedaqoji təcrübə keçdikləri Şamaxı rayon 1 saylı tam orta məktəbdə “Səhnədə ədəbiyyat” mövzusunda ədəbi-bədii gecə təşkil ediblər.

Tədbirin məqsədi şagirdlərdə bədii ədəbiyyata marağın artırılması, klassik və müasir Azərbaycan ədəbiyyatının təbliği, həmçinin səhnə mədəniyyəti və nitq bacarıqlarının inkişaf etdirilməsi olub. Gecə çərçivəsində şagirdlər və tələbələr tərəfindən müxtəlif şeir nümunələri səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirilib, görkəmli Azərbaycan yazıçı və şairlərinin əsərlərindən səhnəciklər təqdim olunub.

Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Şəlalə Seyidova çıxış edərək ədəbiyyatın insanın mənəvi dünyasının formalaşmasındakı rolundan bəhs edərək bu cür layihələrin gənclərin estetik zövqünün inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Sonda məktəb kollektivi tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək onların gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.