Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə buraxılış kursu tələbələri üçün növbəti maarifləndirici və praktiki yönümlü təlim təşkil olundu. Təlim Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan Fazil qızı tərəfindən aparıldı.
Tədbirin əsas məqsədi tələbələri Ədəbiyyat fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanının strukturu, məzmunu, qiymətləndirmə meyarları və imtahan strategiyaları ilə ətraflı şəkildə tanış etmək idi. Bununla yanaşı, iştirakçıların nəzəri biliklərini möhkəmləndirmək və imtahana hazırlıq səviyyələrini artırmaq məqsədilə müxtəlif praktiki məşğələlər, test tapşırıqları və situasiya əsaslı müzakirələr təşkil edildi.
Təlim zamanı müəllim tərəfindən imtahanda tez-tez rast gəlinən mövzulara xüsusi diqqət yetirildi, ədəbiyyatın müxtəlif dövrləri, müəllif və əsərlərlə bağlı mühüm məqamlar sistemli şəkildə izah olundu. Eyni zamanda, tələbələrə vaxtın düzgün bölüşdürülməsi, testlərin analiz edilməsi və düzgün cavab strategiyalarının qurulması ilə bağlı faydalı tövsiyələr verildi. Daha sonra imtahana hazırlıqla bağlı praktiki tapşırıqlar yerinə yetirildi.
Bu cür təlimlərin keçirilməsi tələbələrin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların müəllimlik fəaliyyətinə daha hazırlıqlı və inamlı şəkildə başlamalarına şərait yaradır.
