Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan buraxılış ili tələbələri üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyası baş tutdu. Təlim Sosial və xüsusi fənlər kafedrasının müəllimi Mustafayeva Ləman Əbdül qızı tərəfindən peşəkarlıqla aparılmışdır.
Təlimin əsas məqsədi tələbələri müəllimlərin işə qəbulu (MİQ) imtahanına daha sistemli və məqsədyönlü şəkildə hazırlamaq, onların fənn üzrə biliklərini dərinləşdirmək və imtahan strategiyalarını təkmilləşdirmək olmuşdur. Təlim zamanı iştirakçılara Coğrafiya fənni üzrə MİQ imtahan proqramının strukturu, mövzu bölgüsü və hər bir mövzunun əhatə dairəsi haqqında geniş və ətraflı məlumat təqdim olundu. Eyni zamanda, imtahanda tətbiq olunan qiymətləndirmə meyarları izah edilərək tələbələrin diqqət etməli olduqları əsas məqamlar vurğulandı.
Daha sonra təlim praktik hissə ilə davam etdirildi. Tələbələr nümunəvi sınaq testləri üzərində işləyərək nəzəri biliklərini tətbiq etmək, sualların həlli zamanı düzgün yanaşma üsullarını mənimsəmək imkanı qazandılar. Tapşırıqların izahı zamanı çətinlik yaradan suallar üzərində xüsusi dayanılaraq onların həlli addım-addım izah edildi.
Təlim interaktiv mühitdə keçmiş, iştirakçıların fəallığı təmin olunmuşdur. Təlim boyunca tələbələri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı anlaşılmayan məqamlar ətraflı şəkildə izah edilmişdir.
Sonda iştirakçılar bu cür praktik yönümlü və maarifləndirici təlimlərin onların MİQ imtahanına hazırlıq prosesində mühüm rol oynadığını qeyd edərək, gələcək sessiyalara da böyük maraq göstərdiklərini bildirmişlər.

