ADPU-nun Şamaxı filialında Novruz bayramı böyük coşqu və təntənə ilə qeyd olunub. Tədbirdə milli adət-ənənələrimiz geniş şəkildə nümayiş etdirilərək filialın rəhbərliyi, müəllimlər və tələbələr bir araya gəliblər. Filialın direktoru, dosent Tünzalə Yusifova iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə sevinc dolu, uğurlu bayramlar arzulayıb.

Şənlik çərçivəsində tələbələrin hazırladıqları bayram xonçaları, müxtəlif şirniyyatlar və Novruza aid maraqlı əl işləri sərgilənib. Milli geyimdə olan tələbələr musiqi sədaları altında rəqs edərək bayram ab-havasını daha da canlandırıblar.

Proqram çərçivəsində tələbələrin iştirakı ilə kiçik səhnəciklər təqdim olunub, müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib. Ən gözəl süfrə dekorasiyası, şəkərbura bəzəyi, yumurta döyüşü, kəndirdartma kimi yarışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bayramın ənənələrindən biri olan tonqal da qalanıb, müəllim və tələbələr tonqal ətrafında yallı gedərək birlik və həmrəylik nümayiş etdiriblər. Şən, oynaq musiqilər altında davam edən bayram tədbiri iştirakçılara yüksək əhval-ruhiyyə və unudulmaz anlar bəxş edib.