Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin Şamaxı filialında “Memarlıq və şəhərsalma ili” çərçivəsində “Süni intellekt alətlərinin tədrisə tətbiqi” mövzusunda təlim keçirilib.

Açılış nitqi ilə filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin təhsil prosesində rolundan bəhs edib.  O, innovativ yanaşmaların tətbiqinin tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin analitik və yaradıcı düşünmə bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra məruzə ilə çıxış edən filialın Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Dürdanə Heydərova “Süni intellekt alətlərinin tədrisə tətbiqi” mövzusunda ətraflı təqdimatla çıxış edib. O, süni intellektin mahiyyəti, əsas prinsipləri və təhsil sahəsində tətbiq istiqamətləri barədə geniş məlumat verib. Bildirib ki, müasir dövrdə süni intellekt əsaslı platformalar müəllimlər üçün dərs planlarının hazırlanması, qiymətləndirmə meyarlarının formalaşdırılması və tədris materiallarının zənginləşdirilməsi baxımından mühüm vasitəyə çevrilib.

Məruzəçi, həmçinin fərdiləşdirilmiş öyrənmə modelinin üstünlüklərindən bəhs edərək qeyd edib ki, süni intellekt alətləri tələbələrin bilik səviyyəsini analiz edərək onlara uyğun tapşırıqlar və resurslar təqdim edə bilir. Bu isə öyrənmə prosesinin daha effektiv və məqsədyönlü təşkilinə şərait yaradır. O, rəqəmsal təhlükəsizlik, etik məsələlər və akademik dürüstlük prinsiplərinin qorunmasının vacibliyini də xüsusi vurğulayıb.

Ardınca təlim imüzakirələrlə davam edib. Filialın Riyaziyyat və komputer elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz, Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, Pedaqoji fakültənin dekanı Qahirə Şahbazova müzakirələrə qoşularaq süni intellektin müsbət və mənfi tərəflərindən bəhs etdilər.

Görüş çərçivəsində müəllim və tələbələr süni intellektin təhsil sahəsində yaratdığı imkanlar və perspektivlər barədə fikir mübadiləsi aparıblar.