ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə Şəhid məzun Elgün Əzizovun doğum gününə həsr olunmuş “Bir ömrün zirvəsi – Şəhidin doğum gününə ithaf” adlı tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək şəhid Elgün Əzizovun göstərdiyi şücaətdən, Vətən qarşısında xidmətlərindən danışdı və belə tədbirlərin keçirilməsinin gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını vurğuladı. Daha sonra “Kitabxana və elektron resurslar şöbəsi”nin müdiri Vəsilə Razimi çıxış edərək şəhidlərə həsr olunmuş kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd etdi. O, şəhidlər haqqında nəşrləri tədbir iştirakçılarına təqdim edərək, bu cür ədəbi mənbələrin maarifləndirici əhəmiyyətindən danışdı. Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova ADPU-nun şəhid məzunları və müharibə iştirakçıları haqqında tədbir iştirakçılarına məlumat verdi. Filialın Karyera və məzunlarla iş üzrə mütəxəssisi Dürdanə Mehrəliyeva da şəhid məzun Elgün Əzizov haqqında xatirələrini danışaraq, tələbə olarkən onun savadlı, vətənpərvər, cəsarətli tələbə olduğunu vurğuladı. Həmçinin şəhidin əziz xatirəsinə həsr olunmuş guşə nümayiş etdirildi.
Sonra tələbələr filialın şəhid məzunlarının xatirəsinə yaradılmış abidə önünə gül qoyaraq şəkil çəkdirdilər.







