Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında noyabr ayı üçün nəzərdə tutulan Məktəbəqədər təhsil ixtisasının proqram akkreditasiyası ilə bağlı növbəti iclas keçirilib.
Akkreditasiya üzrə Təşkilat Komissiyasının üzvlərinin iştirakı ilə baş tutan iclasda özünütəhlil hesabatı və akkreditasiyaya yekun hazırlıq məsələləri ətraflı şəkildə müzakirə olunub.
Komissiyanın sədri, Pedaqoji fakültənin dekanı, baş müəllim Qahirə Şahbazova çıxış edərək qeyd edib ki, akkreditasiya prosesi tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil proqramının dövlət standartlarına və əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, fakültə daxilində görülmüş işlər, toplanmış sənədlər və hesabatın yekunlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Komissiyanın koordinatoru, Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova isə çıxışında bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tələblərinə uyğun olaraq bütün struktur bölmələr tərəfindən hazırlanmış sənədlər mərhələli şəkildə agentliyin elektron sisteminə yerləşdirilir. O vurğulayıb ki, özünütəhlil hesabatının məqsədi təkcə mövcud vəziyyəti təqdim etmək deyil, həm də tədris proqramının güclü və zəif tərəflərini müəyyən edərək gələcək inkişaf istiqamətlərini formalaşdırmaqdır.
Komissiyanın üzvləri struktur bölmələr üzrə son beş illik fəaliyyət sənədlərini, o cümlədən fakültə və kafedraların fəaliyyət planlarını, metodik materialları, peşə bacarıqlarının artırılması sahəsində görülən işlər, tələbə nailiyyətlərini, əmək bazarı ilə əməkdaşlıq göstəricilərini və digər məsələləri ətraflı şəkildə təhlil ediblər. Müzakirələr zamanı hesabatın əsas bölmələri üzrə irəli sürülən təkliflər də nəzərə alınıb.
Sonda xarici maraqlı tərəfləri təmsil edən Şamaxı şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri, filialın məzunu Jalə Dola, həmçinin Şamaxı rayon Sabir qəsəbə Körpələr evi-uşaq bağçasının tərbiyəçisi, filialın məzunu Pərvin Behruzi çıxış edərək bildiriblər ki, ADPU Şamaxı filialında məktəbəqədər təhsil ixtisası üzrə kadr hazırlığı həm nəzəri, həm də praktik cəhətdən yüksək səviyyədə təşkil olunur. Onlar qeyd ediblər ki, filial məzunlarının pedaqoji səriştəliliyi, uşaqlarla ünsiyyət bacarıqları və müasir metodlardan istifadə vərdişləri müəssisələrdə yüksək qiymətləndirilir.
İclasın yekununda komissiya üzvləri tərəfindən özünütəhlil hesabatının yekun variantının TKTA-ya təqdim edilməsindən əvvəl son redaktə işlərinin aparılması, filialın elmi Şurasına təqdim olunması və əlavə sənədlərin sistemə yüklənməsi qərara alınıb.








