Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 8 Noyabr Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfər Ruhunu Yaşadanlar” adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi müəllim və  tələbə heyəti, həmçinin fəxri qonaq qismində Vətən müharibəsi iştirakçıları olan filial məzunları iştirak edirdilər. İlk öncə filialda şəhid məzunlar üçün yaradılmış abidə ziyarət olundu, abidə önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi ehtiramla yad edildi.

Rəsmi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbir çərçivəsində, “Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirə giriş sözü ilə başlayan filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün təcəssümüdür. Vətən müharibəsində filialın iki məzunu şəhidlik zirvəsinə ucalıb, bir çox məzun isə ön cəbhədə döyüşlərə qatılaraq qələbə qazanmamıza böyük töhfə verib. Bu qəhrəman gənclər yalnız öz ailələrinin deyil, bütün Azərbaycan xalqının fəxridir və onların şücaəti gələcək nəsillərə örnək olacaq.

Daha sonra filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Qələbənin memarları və Vətənə Qayıdan ədalət” və Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Aytən Səmədova “Tarixi Zəfərin bədii ədəbiyyatda inikası” mövzusunda çıxış etdilər.

Filialın tələbələri adından Elnur Dəmirovun “Yaraşır” və Ağadostu Allahyarovanın “Bu zəfərin mübarəkdir, ey Vətən!” şeirini  səsləndirmələri tədbirə xüsusi rəng qatdı.

Vətən müharibəsi iştirakçısı  olan məzunlar – Ramiz Nuriyev, Əlyar Sadıqov, Qurban Mürsəlov, Musa Qəribov, Rüstəm Mahmudlu, Mövlan Nərmanov, Şiralı Qeybalıyev Zəfər dövrü ilə bağlı xatirələrini iştirakçılar ilə bölüşdülər. Hər bir döyüşçü, həm döyüşlər zamanı, həm də müharibənin ardından həyatında etdiyi dəyişikliklərdən danışdı. Onlar, müharibə dövründə qarşılaşdıqları çətinliklərdən və qələbəyə gedən yolda yaşadıqları zəfərdən sonra həyatlarına dair yeni bir baxış açışı qazandıqlarını bildirdilər. Xatirələrini paylaşarkən, çoxsaylı döyüşçülər və şəhidlər haqqında danışaraq xalqımızın şərəfini qorumaq üçün necə bir araya gəldiklərini vurğuladılar.

İştirakçılar tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etdilər ki, bu kimi tədbirlər gənclərdə vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə hörmət hisslərinin daha da güclənməsinə xidmət edir.

Daha sonra məzunlar tələbələrin suallarını cavablandırdılar.

Tədbir çay süfrəsində səmimi söhbətlərlə davam etdirildi.