Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tədris mühitinin keyfiyyətinə daim xüsusi diqqət yetirilir. Filial rəhbərliyi müəllimlərin pedaqoji fəaliyyətinin yüksək səviyyədə qurulmasını, tədris prosesində müasir pedaqoji yanaşmaların və innovativ metodların tətbiqini prioritet istiqamət kimi müəyyənləşdirib. Bu məqsədlə tədris ili ərzində müxtəlif nəzarət və qiymətləndirmə mexanizmləri həyata keçirilir.

Filialda işə qəbul prosesi şəffaf və obyektiv meyarlara əsaslanaraq həyata keçirilir. Bu istiqamətdə fəaliyyət göstərən “İşə qəbul komissiyası” namizədlərin pedaqoji bacarıqlarını, elmi potensialını və tədrisə yanaşma tərzini diqqətlə qiymətləndirərək seçim aparır. Komissiyanın fəaliyyəti nəticəsində seçilən müəllimlər tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edəcək peşəkar heyətin formalaşmasına imkan yaradır.

Növbəti mərhələ kimi yeni işə qəbul olunmuş müəllimlərin dərsləri dinlənilmişdir. Dinləmələrin əsas məqsədi dərs prosesinin keyfiyyətini artırmaq, pedaqoji üsul və yanaşmaların effektivliyini qiymətləndirmək, eyni zamanda vakansiyada olan dərslərin düzgün bölgüsünü təmin etməkdən ibarət olmuşdur.

Dinləmə prosesi müəllimlərin dərsə yanaşma tərzinin, tələbələrlə qarşılıqlı ünsiyyətinin, fənnin tədrisində tətbiq olunan metodların səmərəliliyinin, həmçinin təlim nəticələrinə yönəlmiş fəaliyyətlərinin təhlilini əhatə edib. Bu yanaşma, bir tərəfdən müəllimlərin peşəkar inkişafına dəstək verir, digər tərəfdən isə tələbələrin keyfiyyətli bilik əldə etməsinə və filialda sağlam tədris mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Yeni tədris ilinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə görüşən filial direktoru, dosent Tünzalə Yusifova çıxış edərək qarşıdakı tədris ilində görüləcək işlər, pedaqoji kollektivin qarşısında duran vəzifələr və prioritet istiqamətlər barədə geniş məlumat vermişdir. O, filialda tədris mühitinin daim təkmilləşdirildiyini, təhsilin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, müəllimlərin peşəkarlığının yüksəldilməsinin və innovativ təlim metodlarının tətbiqinin əsas hədəflərdən biri olduğunu vurğulamışdır. Çıxışının sonunda isə direktor yeni dərs ilində bütün pedaqoji kollektivə və tələbələrə uğurlar arzulamışdır.

Qeyd etmək lazımdır ki, artıq bu proses yekunlaşıb və filial yeni tədris ilinə tam hazırdır. ADPU-nun Şamaxı filialı zəngin tədris mühiti, işə qəbul komissiyasının obyektiv fəaliyyəti nəticəsində formalaşmış ixtisaslı professor-müəllim heyəti və müasir yanaşmaları ilə tələbələrini yüksək səviyyədə qarşılamağa hazırdır.