Şamaxı rayon İcra Hakimiyyəti (RİH) , N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, ŞAR-ın direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, filialın professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Tədbirdən öncə Şamaxı rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülərək xatirəsi ehtiramla yad edilib.
Konfransda çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, rəsədxananın direktoru Namiq Cəlilov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq ölkəmizdə bu istiqamətdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfində qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu ekoloji siyasət haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.
Ardınca ADPU-nun Şamaxı filialının məzunu, Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavid İslamov – “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması tarixi sənədlərdə”, ADPU-nun Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “Şamaxı rayonunda ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar”, ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri –“Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri” mövzusunda geniş məruzə ilə çıxış etdilər.
Tədbirdə eyni zamanda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov ADPU-nun 100 illik “Yubiley” medalı ilə təltif olundu.