ADPU-nun Şamaxı filialının mətbuat katibi Mehraliyeva Reyla.

– Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir;

Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var;

XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir;

Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır;

Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik;

Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub;

Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil;

Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir;

İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir;

Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər;

Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik;

Bütün amillərin vəhdəti Qələbəmizi təmin etdi. İqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması Qələbəmizi mümkün etdi;

2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti bizi əmin etdi ki, onlar beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaqlar. Bizim belə gözləntilərimiz var idi və əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı;

2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur “Qarabağ Ermənistandır” şüarı səsləndi;

2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitib;

2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, onlar İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər;

Kommunikasiya yolları üzərində nəzarət bizə keçdikdən sonra qaçaqmalçılıq dayandı. Buna baxmayaraq, sonuncu antiterror əməliyyatı zamanı ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur;

Bizə qarşı istifadə edilmiş silahlar Ermənistana təmənnasız verilmişdir. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi;

Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır;

Azərbaycanın antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyaların əksəriyyəti tamamilə adekvat olmuşdur. Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə pərdəarxası təmaslarda qeyd edirlər ki, onlar bizim bunu etmək məcburiyyətində qaldığımızı anlayırlar. Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur;

Sentyabrın əvvəlində Ermənistanın baş naziri separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərdi. Bu, bizim üçün mənfi bir sürpriz oldu. Çünki Ermənistanın həmin baş naziri 2022-ci ildə Praqadakı görüşdə ictimai şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı və bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını vurğulamışdı;

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi. Mülki əhali arasında itki olmadı və separatçılar təslim olan kimi biz əməliyyatı dayandırdıq;

– 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub;

– Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi;

– Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir;

Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır;

– COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var;

– Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb;

Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır;

– COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir;

Azərbaycanın dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük.

 

 

 

Paylaşın: