Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyev ili çərçivəsində məktəblilər arasında “Riyazi-coğrafi intellekt” adlı bilik yarışı keçirildi. Filialın Riyaziyyat və informatika müəllimliyi və Tarix və coğrafiya müəllimliyi ixtisasının buraxılış ili tələbələrinin  pedaqoji təcrübədə olduqları 9 saylı məktəbdə təşkil etdiyi yarışda filialın tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov, Pedaqoji təcrübə rəhbəri Zərifə Həmidova, məktəbin direktoru Səxavət Əsgərov, müəllimlər və şagirdlər iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca çıxışlar dinlənildi. Çıxışlarda Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin  “Heydər Əliyev” ili elan olunmasının əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elmin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs olundu. Qeyd edildi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, – deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb və elmin, təhsilin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Yarış 3 mərhələdə keçirildi və hər mərhələdə coğrafiya və riyaziyyat fənnindən 10 sual təqdim olundu. Sonda I və II yerin qalibləri elan oluundu və qalib komandanın iştirakçıları medalla təltif olundu.

Paylaşın: