Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının İnklüziv Təhsil Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 3 Dekabr Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “İnklüziv cəmiyyət naminə” adlı seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov Əlilliyi olan Şəxslərin Gününün təsis edilmə tarixindən, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyindən, Azərbaycanda inklüziv təhsillə bağlı statistik göstəricilərdən bəhs etdi.
Sosial və humanitar məsələlər üzrə direktor müavini, İnklüziv təhsil mərkəzinin məsul şəxsi baş müəllimi Şəlalə Seyidova “İnklüziv cəmiyyətə gedən yol inklüziv təhsildən keçir” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi müxtəliflikləri olan insanların cəmiyyətə inteqrasiyasında mövcud problemlər, müxtəlif yanaşmalar, sosial yanaşmanın əhəmiyyəti, inklüziv təhsil və cəmiyyət anlayışından danışdı. Qeyd olundu ki, 2019-cu ildən filialda fəaliyyət göstərən İnklüziv təhsil mərkəzi məhz inklüziv cəmiyyətin yaranması uğrunda maarifləndirmə tədbirlərini davam etdirir. Bu vaxtadək mərkəzin fəaliyyəti nəticəsində 300-ə yaxın ibtidai sinif müəllimi, 50 məktəb direktoru və 200-dən artıq tələbə üçün təlim, 100-dən çox valideyn üçün maarifləndirici seminar, maraqlı tərəflər üçün vebinarlar keçirilmişdir
Seminarda Məktəbəqədər təhsil ixtisasının III tədris ili üzrə TGT fəalları xüsusi fəallıq göstərdilər. Sunay Həsənova “Diskriminasiya və onun növləri?”, Leyla Haydımova “Damğalama və sözlərin təsiri”, Jalə Bağırova “Bulling və onun növləri”, Firəngiz Səmiyeva “İnklüziv dəyərlər” və Aydan İbadova “Əngəllərə qalib gələnlər” mövzusunda çıxış etdilər.
Təqdimat və videoçarxlarla müşaiyət olunan məruzə və çıxışlar böyük maraqla qarşılandı.
Sonda tədbirdə iştirak edən müəllim və tələbələr aktual mövzu olan inklüziya ilə bağlı fikir və düşüncələrini bölüşdülər.