24 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında “Heydər Əliyev” ili çərçivəsində Buraxılış tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekun konfransı keçirildi. Konfransda filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti, buraxılış ili tələbələri və onların pedaqoji təcrübə keçdikləri məktəblərin və uşaq bağçalarının rəhbərləri iştirak edirdi.
Konfransdan əvvəl tələbələrin pedaqoji təcrübə zamanı hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Konfransı giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq pedaqoji təcrübəni uğurla başa vuran tələbələri ürəkdən təbrik etdi. O qeyd etdi ki, pedaqoji təcrübə tələbələrin gələcək həyatlarında vacib rol oynayır, onların bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri tətbiq edərək möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Sevindirici haldır ki, tələbələrimiz pedaqoji təcrübədə olduqları müddətdə öz fəallıqları ilə fərqlənmiş və müəssisə rəhbərləri tərəfindən fəxri fərman və təşəkkürnamələr ilə təltif olunmuşlar.
Sonra tələbələrin pedaqoji təcrübədəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Ardınca pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında statistik məlumatlar əsasında çıxış edən Tədris şöbənin müdiri Fəxrəddin Məmmədov bildirib ki, bu tədris ilində ümumilikdə 5 ixtisasdan 125 tələbə pedaqoji təcrübəyə cəlb olunub.Tələbələrimiz E. Hüseynov adına Şamaxı şəhər 2 nömrəli, M.Veysov adına Şamaxı şəhər 6 nömrəli, M.Hadi adına Şamaxı şəhər 9 nömrəli, A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəblərində və Şamaxı şəhər 1 və 7 saylı körpələr evi və uşaq bağçalarında pedaqoji təcrübə keçmişlər. Tələbələrimiz pedaqoji təcrübədə fəal iştirak ediblər. Ümumilikdə 85 nəfər tələbə pedaqoji təcrübədəki fəaliyyətlərinə görə fərqlənərək müxtəlif fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar. Yekun olaraq qeyd edib ki, pedaqoji təcrübə yüksək səviyyədə keçirilib və onun qarşısına qoyulan tələblər tam yerinə yetirilib.
Daha sonra Şamaxı şəhər 2 nömrəli məktəbin direktoru İsgəndər Həsənov, 6 nömrəli məktəbin direktoru Yaqut İbrahimova, 9 nömrəli məktəbin direktoru Səxavət Əsgərov, Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Nuranə Məmmədova , 1 saylı körpələr evinin müdirəsi Gövhər Səmədova və 7 saylı körpələr evinin müdirəsi Səriyyə Məmmədova çıxış edərək pedaqoji təcrübədə olan tələbələrimizə fəallığına görə təşəkkür etdilər və onlar haqqında öz təssüratlarını bölüşdülər.
Sonda pedaqoji təcrübələrini uğurla başa vuran tələbələrin təssüratları dinlədildi.
Pedaqoji təcrübəni uğurla başa vuran, şərəfli müəllimlik peşəsinin ilk addımlığında olan tələbələrimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.