ADPU-nun Şamaxı filialında myGov platformasının istifadəsinə dair maarifləndirici təlim keçirilib

İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Mətanət Rəhiminin təqdimatında keçirilən təlimdə myGov platformasının mahiyyəti, funksional imkanları, istifadə qaydaları və vətəndaşlara təqdim etdiyi elektron xidmətlər barədə ətraflı məlumat verilib. Həmçinin platforma vasitəsilə müxtəlif dövlət xidmətlərindən operativ və rahat şəkildə yararlanmaq, şəxsi məlumatları idarə etmək, elektron sənədlərə çıxış əldə etmək imkanları izah olunub.

Təlim iştirakçılarına videoçarx vasitəsilə platformanın praktiki istifadə mexanizmləri nümayiş etdirilib, rəqəmsal xidmətlərdən təhlükəsiz və səmərəli yararlanmağın əhəmiyyəti diqqətə çatdırılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək bu kimi maarifləndirici təlimlərin əhəmiyyətini vurğulayıb. O, rəqəmsallaşmanın müasir dövrün əsas tələblərindən biri olduğunu qeyd edərək, elektron dövlət xidmətlərindən düzgün və səmərəli istifadənin hər bir vətəndaş üçün vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə əməkdaşların məlumatlılığının artırılmasının və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.