Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Əlişah Eyyubov

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır. Bu əlaqələrin tarixi yalnız diplomatik təmaslarla məhdudlaşmır; xalqlarımızı birləşdirən ortaq xatirələr, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm dayaqlarını təşkil edir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bu dostluğun keçdiyi yolu, hazırkı əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edir.

İki ölkə arasında münasibətlərin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. Bu səfər Azərbaycan–Vyetnam dostluğunun rəmzi başlanğıcı kimi yadda qalıb. Əlaqələrin inkişafında 1983-cü il də xüsusi yer tutur. Həmin vaxt Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri çərçivəsində ölkənin müxtəlif regionları ilə tanışlıq və mühüm razılaşmalar əldə olunması əməkdaşlığa yeni təkan verib. Sonrakı illərdə bu tarixi təməl üzərində siyasi dialoq və qarşılıqlı faydalı tərəfdaşlıq ardıcıl şəkildə inkişaf etdirilib.

Müasir mərhələdə yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin dərinləşməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm hadisə olub.

Azərbaycan və Vyetnam arasında siyasi əməkdaşlıq təkcə dövlət başçılarının görüşləri ilə məhdudlaşmır. Hökumətlərarası komissiyalar, aidiyyəti dövlət qurumları və parlamentlərarası dostluq qrupları vasitəsilə də müntəzəm dialoq aparılır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq bu münasibətlərin siyasi və təşkilati əsaslarını genişləndirir. Hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda da qarşılıqlı əlaqələri davam etdirir. Bu əməkdaşlığın mühüm xüsusiyyəti bərabərhüquqluluq və tərəflərin qarşılıqlı maraqlarının nəzərə alınmasıdır.

İqtisadi-ticari əlaqələr ikitərəfli tərəfdaşlığın əsas istiqamətlərindən biridir. 2025-ci ilin yekunlarına görə, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar kifayət qədər böyükdür. Qarşılıqlı ticarətin artırılması və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin biznes dairələri üçün yeni perspektivlər aça bilər.

Energetika sahəsi Azərbaycan–Vyetnam əməkdaşlığının ənənəvi və perspektivli istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, Vyetnam biznesinin Azərbaycanda iştirakı da genişlənir. “ROX Group” şirkətinin tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrinə maraq göstərməsi investisiya əlaqələrinin inkişafına nümunədir.

Nəqliyyat və logistika sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu Vyetnamdan Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün əlavə imkanlar yaradır. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Belə əməkdaşlıq Azərbaycanın beynəlxalq logistika qovşağı kimi rolunu gücləndirməklə yanaşı, Vyetnam məhsullarının yeni bazarlara çıxışını da asanlaşdıra bilər.

İkitərəfli münasibətlərin möhkəm dayaqlarından biri humanitar, elmi və təhsil əməkdaşlığıdır. Heydər Əliyev Fondu Vyetnamda həyata keçirilən sosial və təhsil təşəbbüslərinə dəstək göstərir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı bu fəaliyyətin nümunələrindəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı keçirilən görüşlər də xalqlar arasında əlaqələrin genişlənməsinə töhfə verib.

Təhsil sahəsində əməkdaşlığın zəngin tarixi var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb, qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəldib. Hazırda universitetlər arasında tərəfdaşlıq müqavilələri və memorandumlar imzalanır, vyetnamlı tələbələr isə Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrantı proqramlarından yararlana bilirlər. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu tarixi əlaqələrin rəmzi ifadəsidir.

Mədəniyyət sahəsində də qarşılıqlı maraq və dialoq davam edir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələni də əhatə etməsi, eləcə də vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni əlaqələrin genişləndiyini göstərir. Bu münasibətlərin tarixi kökləri daha əvvələ gedib çıxır: bəstəkar Qara Qarayev 1955-ci ildə “Vyetnam süitası”nı yaradıb, rejissor Əjdər İbrahimov isə 1959–1962-ci illərdə Vyetnamda çalışaraq yerli kino sənətinin inkişafına töhfə verib. Çətin məqamlarda göstərilən qarşılıqlı dəstək də dostluğun mühüm təzahürüdür. Azərbaycan 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərib.

Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlıq mərhələsinə yüksələn çoxşaxəli əməkdaşlıq nümunəsidir. Siyasi dialoq, energetika, investisiya, nəqliyyat, təhsil və mədəniyyət sahələrində mövcud əlaqələr gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Azərbaycan Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi, Vyetnam isə Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə kimi bir-birini tamamlayan imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə olunması yeni bazarlara çıxışa, birgə layihələrin artmasına və xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.