Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, uşaq hüquqlarının qorunması və təbliği xüsusilə gələcəyin müəllimləri üçün mühüm mövzulardandır. Çünki gələcəkdə pedaqoji fəaliyyət göstərəcək tələbələrin bu sahədə məlumatlı olması, uşaqlara fərdi yanaşma, onların hüquq və azadlıqlarına hörmət prinsiplərini mənimsəməsi vacibdir.
Daha sonra tədbirə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Pedaqogika və psixologiya kafedrasının müdiri Malik Malikov “Uşaq hüquq və azadlıqlarının qorunması onların rifahı və normal inkişafı üçün əsas amillər”, kafedranın müəllimi Səməngül Abdullayeva “Hər bir uşaq bərabər hüquqlara malikdir: inklüziv cəmiyyətin formalaşdırılmasında uşaq hüquqlarının rolu”, müəllim Həsən-Pur Nigar “Xüsusi təhsil ehtiyacları olan uşaqların hüquqları və onların cəmiyyətə inteqrasiyası” mövzularında çıxış ediblər.
Həmçinin Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Ləman Əli “Uşaqların psixoloji təhlükəsizliyi və emosional rifahı onların əsas hüquqlarından biri kimi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə uşaq hüquqlarının qorunması, bərabər imkanların yaradılması, inklüziv təhsilin təşviqi və uşaqların psixoloji rifahının təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






