Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində kafedranın baş müəllimi Abdullayev Babək və Tarix müəllimliyi ixtisasının IV tədris ili tələbələri Şəki şəhərinə maarifləndirici ekskursiya ediblər.
Ekskursiyanın əsas məqsədi “Şəhərsalma və memarlıq” ili çərçivəsində tələbələrin Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid biliklərini möhkəmləndirmək, tarixi abidələrlə əyani tanışlıqlarını təmin etmək, milli-mədəni irsimizə hörmət və tarixi yaddaşın qorunması ruhunu gücləndirmək olub.
Səfər çərçivəsində tələbələr Şəkinin zəngin tarixi, memarlıq ənənələri və mədəni irsi ilə yaxından tanış olublar. Kiş Alban məbədi, Şəki xan sarayı, Karvansaray, şəhərin qədim küçələri, tarixi tikililəri və memarlıq nümunələri tələbələrə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və mədəniyyət tarixini daha dərindən anlamaq imkanı yaradıb.
Tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün bu cür ekskursiyalar xüsusi əhəmiyyət daşıyır. Tarixi abidələrin yerində müşahidə edilməsi nəzəri biliklərin praktik biliklərlə əlaqələndirilməsinə, tarixi hadisə və proseslərin daha dolğun mənimsənilməsinə şərait yaradır.
Ekskursiya, həmçinin gələcək tarix müəllimlərinin tarixi mənbələrə əsaslanmaq, abidələrin əhəmiyyətini izah etmək, şagirdlərdə milli-mənəvi dəyərlərə və mədəni irsə hörmət formalaşdırmaq bacarıqlarının inkişafına xidmət edir.


