2026/2027-ci tədris ilinin oktyabr ayında ADPU-nun Şamaxı filialının Pedaqoji fakültə dekanlığı tərəfindən tələbələrin universitetdaxili normativ tələblər, nizam-intizam qaydaları, eləcə də təhsilalanların hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə silsilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərdə Pedaqoji fakültənin dekanı və tyutorlar iştirak ediblər. Görüşlər çərçivəsində ali təhsil müəssisəsində tədris prosesinin səmərəli təşkili, akademik mühitin sağlamlaşdırılması, tələbə məsuliyyətinin yüksəldilməsi və daxili intizam qaydalarına riayət olunmasının təhsil prosesindəki rolu geniş müzakirə edilib. Tələbələrin dərslərdə davamiyyətinin təmin edilməsi, tədris məşğələlərinə vaxtında qoşulmaları, universitetin daxili davranış və etik normalarına əməl etmələri, təhsil müəssisəsinin maddi-texniki bazasına və əmlakına qayğı ilə yanaşmaları xüsusi diqqətə çatdırılıb. Eyni zamanda, təhsilalanların müvafiq normativ sənədlərlə müəyyən edilmiş hüquqları, o cümlədən keyfiyyətli təhsil almaq, tədris prosesi ilə bağlı zəruri məlumat əldə etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada universitetin elmi, tədris və ictimai həyatında iştirak etmək imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tələbələrin təhsilalan statusundan irəli gələn vəzifə və öhdəlikləri diqqətə çatdırılıb. Tədris planı və proqramlarının tələblərinin yerinə yetirilməsi, akademik dürüstlük prinsiplərinin qorunması, müstəqil iş və digər tədris tapşırıqlarının müəyyən olunmuş müddətlərdə icrası, müəllim və tələbə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinin gözlənilməsi, eləcə də universitetin nüfuzunun qorunması hər bir tələbənin əsas məsuliyyət istiqamətləri kimi vurğulanıb. Pedaqoji fakültənin dekanı və tyutorlar tələbələrin tədris prosesində qarşılaşdıqları akademik və təşkilati məsələlərin həllində fakültə rəhbərliyi və tyutorlarla mütəmadi əlaqə saxlamalarının əhəmiyyətini qeyd ediblər. Həmçinin tələbə-müəllim münasibətlərində qarşılıqlı etimadın, etik ünsiyyətin, sosial məsuliyyətin keyfiyyətli təhsil mühitinin əsas şərtlərindən olduğu bildirilib. Görüşlərin yekununda qeyd olunub ki, tələbələrin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, akademik məsuliyyət və intizam mədəniyyətinin formalaşdırılması, universitetdaxili davranış normalarına riayət olunması tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və sağlam akademik mühitin təmin edilməsinə xidmət edən mühüm amillərdəndir.






