Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova tələbələrlə “Sosial şəbəkələrdən düzgün istifadə” mövzusunda maarifləndirici görüş keçirib.

Görüşün əsas məqsədi tələbələrin sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə ilə bağlı məlumatlılığını artırmaq, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri təhlükələr barədə onları məlumatlandırmaq və şəxsi məlumatların qorunması istiqamətində zəruri bilik və bacarıqlarını inkişaf etdirmək olub.

Görüş zamanı Tünzalə xanım sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmağın, informasiyaların doğruluğunu yoxlamağın və təxribat xarakterli paylaşımlara qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. O, tələbələrə şəxsi məlumatların, hesabların və şifrələrin qorunması, şübhəli keçidlərə daxil olmamaq, tanımadıqları şəxslərdən gələn mesajlara ehtiyatla yanaşmaq və təsdiqlənməmiş məlumatları paylaşmamaq barədə tövsiyələr verib.

Bu cür maarifləndirici görüşlərin keçirilməsi tələbələrin rəqəmsal savadlılığının artırılması, onlarda təhlükəsiz internet istifadə vərdişlərinin formalaşdırılması bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.