Pedaqogika və psixologiya kafedrası Nigar Həsən-pur Məhəmməd

20 oktyabr – Zəngilan Şəhəri Günü ərazi bütövlüyümüzün bərpası və zəfərimizin vacib rəmzlərindən biridir. Zəngilan zəngin tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və təbii resursları ilə Azərbaycanın mühüm bölgələrindən biridir. 27 illik işğal dövründə rayonun infrastrukturu və abidələri ağır vandalizmə məruz qalsa da, 44 günlük Vətən müharibəsindəki qələbə ilə Zəngilanda genişmiqyaslı bərpa və “Böyük Qayıdış” mərhələsi başlamışdır. Bu hesabat rayonun tarixi-geoloji arxaplanını, işğal fəsadlarını və zəfərdən sonrakı müasir inkişaf modelini əhatə edir.

 

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgüyə əsasən, Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmişdir. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya aid idi. 1920-ci il 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ermənilər ilk dövlətlərini qurdular və Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistana birləşdirildi. Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanın tərkibində qaldı. Zəngilan şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran, qərbdən Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay keçir. Tikinti daşı, qızıl yatağı (Vejnəli), qara mərmər, əhəng xammalı kimi zəngin faydalı qazıntıları var. İşğala qədər rayonda 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ, 3 kəndli-fermer təsərrüfatı, 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Dağıdılmış mədəni-tarixi irs: 27 illik işğal dövründə bir çox tarixi, dini və memarlıq abidələri vandalizmə məruz qalmışdır:

  • Tarixi-dini abidələr və ziyarətgahlar: İmam Hüseyn məscidi (XVII əsr), Malatkeşin, Qırıq Muşlan, Muşlan, Razdərə məscidləri (XIX əsr), Xanazor və Yeməzli Alban kilsələri; Səkkizguşəli türbə (XIV əsr, Məmmədbəyli), Ziya Baba ocağı, Xanazor türbəsi və piri, Soltan Heydər, Günqışlaq, İzzə, Buqakar, Veysin, Qaradağlı, Yal, Yel piriləri, Hacıllı günbəzi, Dəvecüneyt piri.
  • Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX–XVI əsrlər), Ağca Aşıq yaşayış yeri, Qız qalası, Qəsr qalası, Şərikan (XIII əsr) və Yenikənd (XIV əsr) sərdabələri; Hacıllı bürcü və körpüsü, Məmmədbəyli qülləsi və məqbərəsi, Küp qəbirlər (e.ə. IV–II əsrlər), Koroğlu daşı (VII–VIII əsrlər), Bartaz Qız qalası (XIV əsr), Tağlı körpü (XVI əsr).

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması Azərbaycan Silahlı Qüvvələrinin Zəngilanın inzibati hüdudlarına daxil olmasına şərait yaratdı. 30-dan çox yaşayış məntəqəsinin azad edilməsindən sonra əməliyyatlar Zəngilan istiqamətində sürətləndirildi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda həlledici əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan şəhərinin və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyini elan etdi. Şanlı döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğalçılardan təmizləndi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədi 132 kilometr məsafədə tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca lazımi istehkam və mühafizə işlərinin görülməsinə başlanıldı.

Dövlət başçısının 2020-ci il 26 noyabr tarixli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Zəngilan rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu bu medalla təltif olundu. Tarixi ədalətin və zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsbit edildi.

2026-cı ilin oktyabrına olan məlumata əsasən, Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndində 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndində 179 ailə (903 nəfər) məskunlaşmışdır. Ağalı kəndi dünyada tətbiq olunan en müasir “Ağıllı kənd” standartları əsasında qurulmuşdur:

  • Həkəri çayı üzərində 3 ədəd “Arximed Turbini” tipli SES (hər biri 212 kVt) və binalarda 325 kVt-lıq günəş panelləri quraşdırılmışdır;
  • Binalarda izolyasiyalı termobloklar, günəş kollektorları tətbiq edilmiş, çirkab suların biolog emalı ilə ildə 41.000 m³ texniki su əldə edilməsi təmin olunmuşdur;
  • Kənddə GPON optik internet, smart küçə işıqlandırılması, avtomatik meteo-stansiya, “ASAN”, “DOST” və e-xidmətlər mövcuddur;
  • 200 evdən ibarət kənddə məktəb, bağça, tibb məntəqəsi və 2 hektardan çox olan park salınmışdır.

Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, şəhərdə geniş tikinti işləri aparılır. 2026-cı ildə 104 mənzilli ilk yaşayış kompleksi istifadəyə verilmişdir. Zəngilan Beynəlxalq Hava Limanı genişgövdəli yük təyyarələrini qəbul etmək imkanına malikdir və Zəngəzur dəhlizinin mühüm hava nəqliyyatı habıdır. 126.3 km uzunluğunda olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd dəmir yolu və magistral avtomobil yolu bölgənin yükdaşıma imkanlarını artırır. Heydər Əliyev Fondu tərəfindən tarixi Zəngilan şəhər məscidi bərpa olunmuş və yanında 2 minarəli yeni məscid inşa edilmişdir. Rayonda “Ağalı” hoteli fəaliyyət göstərir, İstirahət Kompleksi və “Zangilan City Park Hotel” inşa edilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark”da 500 nəfər işlə təmin olunur. Layihə çərçivəsində heyvandarlıq, 6 min hektarda bitkiçilik, emal müəssisələri və “Made in Karabakh” brendi ilə məhsul istehsalı həyata keçirilir.

Ali Baş Komandanın tarixi səfərlərinin xronologiyası:

  • 2020–2021: Azərbaycan bayrağının ucaldılması (23.12.2020); “Ağıllı kənd”, Hava Limanı, Horadiz–Zəngilan yolunun təməlinin qoyulması (2021); “Azərenerji” “Zəngilan” yarımstansiyasının açılışı və “Dost Aqropark”ın təməlqoyması.
  • 2022–2023: Ağalı kəndinin I mərhələsinin açılışı; Arximed turbin tipli SES-in işə salınması; Zəngilan Konqres Mərkəzinin, “Cahangirbəyli” SES-in açılışı və yeni yaşayış komplekslərinin təməlqoyması.
  • 2024–2026: “Ağalı” hotelinin, Mincivan qəsəbəsinin, SES-lərin və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı (2024); Məmmədbəyli kəndinin, Ağalı 2-ci mərhələsinin, 104 mənzilli ilk yaşayış kompleksinin açılışı və sakinlərə mənzil açarlarının təqdim edilməsi (2025–2026).

Nəticə olaraq qeyd etmək olar ki, Zəngilan rayonunun azad olunması yalnız hərbi-genişmiqyaslı qələbə deyil, həm də Azərbaycanın dövlət sərhədlərinin bərpası və Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafı baxımından strateji burulğan nöqtəsidir. 27 il davam edən işğal və dağıntılardan sonra Zəngilan bu gün yenidən qurulmanın, müasir texnologiyaların və “yaşıl enerji” konsepsiyalarının mərkəzinə çevrilmişdir. Ağalı kəndində uğurla reallaşdırılan “Ağıllı kənd” layihəsi, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz–Ağbənd dəmir və avtomobil yollarının inşası regionu Qafqazın əsas logistik və iqtisadi habına çevirir. Eyni zamanda, “Dost Aqropark” kimi beynəlxalq tərəfdaşlıq layihələri, yeni otel və istirahət kompleksləri, eləcə də tarixi-dini abidələrin bərpası Zəngilanın həm kənd təsərrüfatı, həm də turizm potensialını tam gücü ilə ortaya çıxarır.   Dövlət başçısının mütəmadi səfərləri və şəxsi nəzarəti altında həyata keçirilən layihələr göstərir ki, Zəngilanda məskunlaşma və infrastrukturun bərpası planlı və davamlı xarakter daşıyır. 20 oktyabr – Zəngilan Şəhəri Günü təkcə keçmişin kədərini yumaqla qalmır, həm də doğma torpaqlarına qayıtmış sakinlərin və bütün Azərbaycan xalqının parlaq, təhlükəsiz və dayanıqlı gələcəyə olan inamını simvolizə edir.