Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şərəf” ordeni laureatı, Azərbaycan Respublikasının Xalq şairi Vahid Əzizlə tələbələrin “Zəfər millətimin altun tacıdır” mövzusunda görüşü keçirilib.

Şairin ömür yolunu işıqlandıran şəkillərdən ibarət videoçarx nümayiş olunması ilə tədbir açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan  filialın direktoru, dosent Tünzalə Yusifova milli-mənəvi dəyərlərimizin qorunmasında, Vətənə məhəbbət və milli qürur hissinin gənc nəslə aşılanmasında ədəbiyyatın və söz sənətinin mühüm rolundan bəhs edib.

Daha sonra Xalq şairi Vahid Əziz çıxış edərək yaradıcılığından, poeziyanın cəmiyyətin mənəvi həyatındakı rolundan və Zəfər mövzusunun Azərbaycan ədəbiyyatında əksindən danışıb. Şair Vətən sevgisi, milli birlik, qəhrəmanlıq və tarixi yaddaş kimi mövzuların gənc nəslin dünyagörüşünün formalaşmasında əhəmiyyətini diqqətə çatdırıb, tələbələrlə səmimi söhbət aparıb.

Tədbir zamanı maraqlı və yaddaqalan məqamlardan biri də rəssam tərəfindən Xalq şairi Vahid Əzizin portretinin yaradılması olub. Görüş ərzində ərsəyə gətirilən portret tədbirin sonunda şairə hədiyyə edilib. Hədiyyədən məmnunluğunu ifadə edən şair  portreti yüksək qiymətləndirərək növbəti kitabının üz qabığında mütləq həmin rəsmdən istifadə edəcəyini bildirib. Bu xoş sürpriz tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Görüş tələbələrin şairlə fikir mübadiləsi və mövzu ətrafında maraqlı müzakirələrlə davam edib. Tələbələr Xalq şairi ilə ünsiyyət qurmaq, onun yaradıcılığı və ədəbi fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək imkanı qazanıblar.

Sonda qeyd olunub ki, bu cür görüşlər tələbələrin ədəbiyyata marağının artırılması, milli-mənəvi dəyərlərin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son olaraq şairlə xatirə şəkli çəkdirilib.