Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Eyyubov Əlişah.

Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın gücləndirilməsi dövlətlərin iqtisadi dayanıqlığının, siyasi nüfuzunun və təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Respublikası ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Tarixi və mədəni bağlılıq, ortaq mənəvi dəyərlər, qarşılıqlı hörmət və iqtisadi maraqlar tərəfdaşlığın möhkəm təməlini yaradır. Prezident İlham Əliyevin 8 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı regional dialoqun və çoxtərəfli əməkdaşlığın aktuallığını bir daha önə çıxarır. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi. Ötən ildən etibarən ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi ölkələrimiz arasında siyasi dialoqun intensivliyini, eləcə də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı iradəni nümayiş etdirir. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa edilməsini xüsusi vurğulamaq istərdim. Ötən il məscidin təməlqoyma mərasimində birgə iştirakımız bu təşəbbüsün əhəmiyyətini bir daha göstərdi. Qardaş Türkmənistanın ölkəmizə bu dəyərli töhfəsi xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin, mənəvi bağlılığın və qardaşlıq əlaqələrinin parlaq ifadəsidir.

Qardaş ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdam şəhərində Manas adına məktəb inşa etməsi xalqlarımız arasındakı dostluğun və həmrəyliyin bariz nümunəsidir. Azərbaycan bu dəyərli təşəbbüsləri və qardaş ölkələrin göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir.

Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla əməkdaşlıq çərçivəsində birgə investisiya fondları təsis edib. Hər bir fondun kapitalı yüz milyonlarla dollar təşkil edir və bu, iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu vəsaitlərdən birgə layihələrin maliyyələşdirilməsi, yeni istehsal müəssisələrinin qurulması və sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə daha səmərəli istifadə olunması vacibdir. İqtisadi əlaqələr yalnız qarşılıqlı ticarətin artırılması ilə məhdudlaşmamalı, həmçinin birgə investisiyaların yatırılmasını, rəqabətqabiliyyətli məhsulların istehsalını və həmin məhsulların beynəlxalq bazarlara çıxarılmasını əhatə etməlidir. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir – keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit mərkəzi kimi çıxış edir. Türkmənistan və Qazaxıstandan hasil olunan neftin Azərbaycan ərazisi vasitəsilə nəqli həyata keçirilir və bu istiqamətdə daşımaların həcmi getdikcə artır. Eyni zamanda, bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrimiz də genişlənməkdədir. Xüsusilə, Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji potensialının daha səmərəli istifadəsinə xidmət edir.

Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.