Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlik peşəsinin mahiyyətini və müəllim əməyinin əhəmiyyətini əks etdirən müxtəlif təqdimatlar nümayiş olunub. İlk olaraq tələbələrin hazırladığı “Gələcəkdən məktub” adlı videoçarx tədbir iştirakçılarına təqdim edilib.

Daha sonra Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Aydan Məmmədova “Müəllim – gələcəyin memarı” mövzusunda çıxış edib.

Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili tələbələri Turanə Məmişova və Aysu Qənilli Bəxtiyar Vahabzadə və Nüsrət Kəsəmənlinin müəllimə həsr olunmuş şeirlərini səsləndiriblər.

Bədii hissə Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbəsi Nərmin İskəndərovanın pianoda ifa etdiyi “İntizar” musiqisi ilə davam edib.

Tədbirin maraqlı məqamlarından biri “Bu günün müəllimi – dünənin tələbəsi” adlı əyləncəli oyun olub. Oyunda müəllimlərin tələbəlik illərini əks etdirən görüntülər nümayiş etdirilib və iştirakçılar üçün xoş xatirələrlə zəngin anlar yaşanıb. Oyun zamanı filialın ötən semestrdən aramızda olmayan, lakin hər zaman xoş xatirələrlə yad edilən müəlliməsi Hüseynova Rənanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra xor qrupunun ifasında “Tələbə mahnısı” səsləndirilib. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili tələbəsi Xatirə Nəhmətova Aləmzar İlayın “Müəllim” şeirini səsləndirib.

Bədii proqram İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Ramiz Həsənlinin tarda “Sarı gəlin” ifası, Tarix-coğrafiya müəllimliyi ixtisasının II tədris ili tələbəsi Ruhiyyə Şərifovanın “Müəllim ömrü” şeirini təqdim etməsi və İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Aişə Əvəzlinin rəqs çıxışı ilə davam edib.

Son olaraq  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifovaya çıxış edərək müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, müəllimlik peşəsinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, müəllim əməyinin böyük məsuliyyət və fədakarlıq tələb etdiyini qeyd edərək, professor-müəllim heyətinə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.