Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaddaş və Qəlbimizdə Yaşayan Qəhrəmanlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə qonaq qismində Vətən müharibəsi iştirakçıları-şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva, şəhid Nazim Beydiyevin anası Aidə Beydiyeva, həmçinin Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyevin iştirak edirdi.

Tədbirə şəhid məzunların xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlanılıb. Daha sonra tədbir rəsmi hissə ilə davam edib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ardınca tələbələrdən ibarət xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Ardınca ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik, həmrəylik və Vətən sevgisi tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. Bu Zəfərin əldə olunmasında əvəzsiz xidmətləri olan şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı hər zaman böyük ehtiramla anılacaq, onların əziz xatirəsi gələcək nəsillərə örnək olacaqdır.

Ardınca Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov “Dünyaya səs salan qəhrəmanlıq salnaməsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində mövzu ilə bağlı çıxışlar dinlənilib. Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Əlişah Eyyubov “Zəfərə aparan birlik: 44 günlük müharibə fonunda Azərbaycan xalqının milli həmrəyliyinin tarixi və mənəvi əsasları” mövzusunda çıxış edərək, Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi milli həmrəyliyin və birlik ruhunun tarixi Zəfərin əldə olunmasındakı əhəmiyyətindən bəhs edib.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Həmidə İsgəndərova “Vətən uğrunda canından keçən qəhrəmanlar” mövzusunda çıxışında Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin qəhrəmanlıq yolundan, onların həyat və mübarizəsinin gənc nəslə örnək olan mənəvi dəyərlərindən söz açıb.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Türkan Hüseynova isə “Yaddaşın əbədiliyi: qəhrəmanlara ehtiram” mövzusunda çıxış edərək, şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev, şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva və şəhid Nazim Beydiyevin anası Aidə Beydiyeva da çıxış edərək şəhidlərin keçdiyi şərəfli döyüş yolundan və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən söz açıblar.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən Vətən və şəhidlik mövzusunda şeirlər səsləndirilib. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbələri Turanə Məmişova “Son döyüşə hazır ol”, Aysu Qənili isə “Şəhid nəğməsi” şeirini təqdim edib. Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbəsi Nərmin İsgəndərovanın pianoda ifasında “Beşik nəğməsi” əsəri səsləndirilib. Tarix müəllimliyi ixtisasının II tədris ili tələbəsi Ləman Əlili isə “Şəhidlərimiz daim qəlbimizdədir” adlı təqdimatla çıxış etməsi ilə tədbir başa çatıb.