Riyaziyyat və kompüter elmləri kafedrasının laborantı Simanicad Günay.
Ölkə iqtisadiyyatının strateji dayaqlardan birinə çevrilməkdə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün ictimaiyyətə təqdim olunacaq. Təbii resurslarımızdan səmərəli istifadə edilməsi və xammaldan son məhsuladək tam istehsal zəncirinin qurulması ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Sözügedən proqramın hazırlanması məqsədilə cari ilin aprel ayının əvvəlində müvafiq Sərəncam imzalanmışdı və ötən dövr ərzində bu istiqamətdə hərtərəfli hazırlıq işləri aparılmışdır. Bu sektor təkcə ümumi iqtisadi artım üçün deyil, xüsusilə qeyri-neft sektorunun şaxələndirilməsi baxımından böyük perspektivlər və strateji əhəmiyyət vəd edir. Yüksək maliyyə tutumuna malik olmasına baxmayaraq, layihənin icrası ölkəmizdə tamamilə yeni və müasir sənaye istiqamətinin əsasını qoyacaq. Proqram çərçivəsində 5 mindən çox yeni daimi iş yerinin açılması planlaşdırılır.
. Qeyd edək ki, son dövrlərdə qəbul edilən bütün dövlət proqramları konkret hədəflərə söykənir, 2027–2030-cu illəri əhatə edən orta/qısamüddətli strategiyaya əsaslanır və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində, həm də dövlət investisiya proqramlarında lazımi maliyyə təminatı ilə dəstəklənir. Eyni zamanda, bu proqramların icrasına cavabdeh mexanizmlər və şəffaf nəzarət sistemləri də tam formalaşdırılmışdır. Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına – həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir. Qeyd etdiyim kimi, qəbul olunmuş dövlət proqramları konkret icra müddəti ilə seçilir və 2030-cu ilin sonuna qədər tam yekunlaşmalıdır. Hərçənd su təsərrüfatı proqramı daha əhatəli olduğuna görə müəyyən qədər çox vaxt tələb edir, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində — 2027–2030-cu illərdə tam icra edilməlidir. Bu yeni strateji sənəd, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət gündəliyimizin tərkib hissəsidir.
Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair indiyədək bir neçə Dövlət Proqramı qəbul edilib. İlk proqramın əsası 2004-cü ilin əvvəlində — 2003-cü il prezident seçkilərindən dərhal sonra qoyulmuşdur və bu, dövrün en mühüm strateji addımlarından biri idi. Arzulanan nəticələrə çatmaq üçün sonradan bir neçə beşillik proqram icra edildi və bölgələrdə əsas infrastruktur layihələri uğurla həyata keçirildi.
Əhalinin, məşğulluğun və iqtisadiyyatın davamlı artımı fonunda bu layihələrin icrası bu gün də ardıcıl şəkildə davam etdirilir. Dövlət proqramları statik xarakter daşımır; zamanın tələbinə uyğun olaraq daim yenilənir və zənginləşdirilir. Hər il təsdiqlənən dövlət investisiya proqramlarında bölgələrin inkişafı xüsusi paya malikdir. Ötən 20 il ərzində görülmüş məqsədyönlü işlər sayəsində ölkə üzrə bazis infrastruktur layihələrini tam icra etmək mümkün olmuşdur. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq.
Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.
Təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Təbii ki, maliyyə sistemimizdə aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin azaldılması və ləğv edilməsi ilə bağlı atılan addımlar, əlbəttə, belə bir müsbət mənzərə yaratmışdır.
Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.
Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.
O cümlədən bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.
Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi.
İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcəkdir.
Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, – sovet dövrünü nəzərdə tuturam, – və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.
Onu da bildirməliyəm ki, biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl – zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar. Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, – əgər maraq olarsa, mən əminəm ki, olacaq, – xarici investorlar da bu yatağa cəlb oluna bilər.
Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.
“Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur.
Layihələrin icrası zamanı ekoloji təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılır. İstehsalatın hər bir mərhələsində maksimum dərəcədə dəqiq ekoloji ekspertizalar aparılmalıvə beynəlxalq standartlara tam riayət edilməlidir. Çünki ölkəmizin ən böyük milli sərvəti yeraltı ehtiyatlarla yanaşı, həm də onun unikal təbiətidir. Bu baxımdan, istər yerli, istərsə də xarici tərəfdaşlardan ekoloji normalara ən yüksək səviyyədə əməl olunması tələb edilir və bu tələb bundan sonra da dəyişməz qalacaqdır. Müəyyən edilmiş standartları pozan tərəflərə qarşı ciddi sanksiyalar tətbiq olunacaqdır. Dövlət şirkəti olan “AzerGold” da öz növbəsində bütün ekoloji tələblərə tam və qüsursuz şəkildə cavab verməlidir.
Metallurgiya sənayesinin inkişafına dair. Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir. Burada da bir neçə zavod yaradılacaq və bu barədə bizə indi məlumat veriləcək.
Proqramın maliyyə təminatı artıq tam müəyyən edilib, aidiyyəti qurumlarla razılaşdırılıb və planlaşdırılan layihələr istənilən halda dövlət tərəfindən icra olunacaqdır. Bununla yanaşı, özəl sektorun — istər yerli, istərsə də xarici investorların bu prosesdə müəyyən payla iştirakı mümkündür. Bütövlükdə bu sahə böyük investisiya tələb etsə də, yüksək mənfəətliliyi ilə seçilir. Xüsusilə dünya bazarlarında qiymətli metalların qiymətinin yüksək səviyyədə saxlanılması sahənin kommersiya cəlbediciliyini daha da artırır. Bu baxımdan, yerli və xarici investorlar üçün qapılarımız açıqdır. Yaxın vaxtlarda dərc olunacaq Dövlət Proqramı ilə tanış olan hər bir investor bu strateji layihələrdə iştirak imkanı əldə edə bilər. Bəs bu böyükhəcmli proqramın icrası ölkəmizə nə qazandıracaq? İlk növbədə, respublikada tamamilə yeni və qüdrətli sənaye qolu formalaşacaq, 5 mindən çox (və ya daha artıq) yeni daimi iş yeri yaradılacaqdır. Bu proses xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına, orada məşğulluğun sürətlə təmin edilməsinə güclü təkan verəcək. Eyni zamanda, dövlət büdcəsinə vergi daxilolmaları kəskin artacaq və ölkənin eksport imkanları əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Dəqiq rəqəmləri demək tez olsa da, proqramın illik müsbət maliyyə effektinin 1 milyard manatdan çox olacağı gözlənilir. Bu, milyardlarla manat dəyərində ölçülən nəhəng və strateji bir layihədir.
