Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyunu keçirilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçirilən yarışın nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının komandası III yerə layiq görülüb. Bu uğur filialın tələbələrinin intellektual potensialının, fəallığının və komandada işləmək bacarığının göstəricisi kimi yüksək qiymətləndirilib.

Qazanılan nailiyyət münasibətilə filialın direktoru dosent Tünzalə Yusifova tələbələrlə görüşərək onları əldə etdikləri uğur münasibətilə təbrik edib, göstərdikləri fəallıq və yüksək nəticə münasibətilə xoş arzularını çatdırıb. Tələbələrin uğurunu xüsusi diqqət və qayğı ilə qarşılayan direktor tərəfindən onlar üçün tort və çay süfrəsi təşkil olunub. Səmimi görüş zamanı tələbələrlə fikir mübadiləsi aparılıb, onların yarışla bağlı təəssüratları dinlənilib.

Dosent Tünzalə Yusifova tələbələrə gələcək intellektual yarışlarda və müxtəlif layihələrdə uğurlar arzulayaraq, onların belə təşəbbüslərdə fəal iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tələbələrimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq!