Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2026/2027-ci tədris ili üzrə yeni qəbul olunmuş tələbələr üçün “Oriyentasiya görüşü” keçirilib. Tədbirin əsas məqsədi birinci kurs tələbələrinin ali təhsil mühitinə daha asan uyğunlaşmasına şərait yaratmaq, onları filialın fəaliyyəti, tədris prosesi, daxili nizam-intizam qaydaları, tələbə hüquq və vəzifələri, eləcə də tələbələr üçün yaradılmış imkanlarla tanış etmək olub.

Tədbiri giriş sözü ilə açan filialının direktoru, dosent Tünzalə Yusifova yeni tələbələri salamlayaraq, onların filial ailəsinə qoşulmaları münasibətilə təbriklərini çatdırıb. O, çıxışında tələbəlik həyatının mühüm mərhələ olduğunu qeyd edərək, tələbələri təhsil müddətində məsuliyyətli, intizamlı və fəal olmağa çağırıb. Tünzalə Yusifova filialda mövcud olan daxili nizam-intizam qaydaları, tələbələrin riayət etməli olduqları əsas tələblər, akademik məsuliyyət, dərslərdə davamiyyət, universitetin etik davranış prinsipləri və qarşılıqlı hörmət mühiti barədə məlumat verib. Tünzalə xanım tələbələrə universitetdə yaradılmış imkanlardan səmərəli istifadə etməyi və filialın ictimai həyatında fəal iştirak etməyi tövsiyə edib.

Daha sonra filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Seyidova çıxış edərək ADPU Şamaxı filialının yaranma və inkişaf tarixi, fəaliyyəti, fakültə və kafedraları, inzibati və akademik heyəti barədə tələbələrə ətraflı məlumat verib. O, həmçinin tələbələr üçün yaradılmış şərait, müasir tədris və texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana və digər maddi-texniki imkanlar haqqında danışıb. Şəlalə Seyidova tələbələrin ictimai və sosial fəaliyyətə cəlb olunmasında Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi və müxtəlif könüllülük platformalarının rolunu xüsusi vurğulayıb.

Filialın Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova çıxışında tədris prosesinin təşkili, dərs cədvəlləri, akademik fəaliyyətin tənzimlənməsi, tədris sənədləşməsi və tələbələrin təhsil prosesi ilə bağlı müraciətləri barədə məlumat verib. O, tələbələrin təhsil müddətində qarşılaşa biləcəkləri məsələlərlə bağlı Tədris şöbəsinin fəaliyyətindən yararlana biləcəklərini diqqətə çatdırıb.

Pedaqoji fakültənin dekanı, baş müəllim Qahirə Şahbazova çıxış edərək ixtisas fənləri, dərs prosesinin təşkili, qiymətləndirmə meyarları, pedaqoji praktikalar, imtahan prosedurları və tyutor xidmətləri haqqında ətraflı məlumat təqdim edib. O, tələbələri təhsilə məsuliyyətli yanaşmağa, dərslərdə fəal iştirak etməyə və universitetdə yaradılmış imkanlardan səmərəli yararlanmağa çağırıb.

Tədbirin sonunda tələbələrin iştirakı ilə “Oriyentasiya günü” çərçivəsində təqdim olunan mövzular ətrafında diskussiya keçirilib. Diskussiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, onların tədris prosesi, daxili nizam-intizam qaydaları, tələbəlik həyatı və universitetdə yaradılmış imkanlarla bağlı fikirləri dinlənilib.

“Oriyentasiya günü” yeni qəbul olunmuş tələbələr tərəfindən maraqla qarşılanıb və onların universitet mühitinə uyğunlaşmasına, təhsil prosesi haqqında ətraflı məlumat əldə etməsinə və tələbəlik həyatına daha inamlı başlamasına mühüm töhfə verib.