ADPU-nun Şamaxı filialında 15 Sentyabr – Bilik Günü qeyd olunub

15 Sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir rəsmi olaraq açıq elan olunub.

Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova tədbir iştirakçılarını 15 Sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edib, professor-müəllim heyətinə və tələbələrə yeni tədris ilində uğurlar, möhkəm cansağlığı və yüksək nailiyyətlər arzulayıb.

O, çıxışında yeni tədris ilinə hazırlıq çərçivəsində filialda həyata keçirilən işlər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, müasir dövrdə təhsil yalnız bilik əldə etmək deyil, eyni zamanda gənclərin dünyagörüşünün formalaşması, onların vətənpərvər, savadlı, məsuliyyətli və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tünzalə Yusifova çıxışında filialın keçdiyi şərəfli tarixi yoldan, yaranma və inkişaf mərhələlərindən, təhsil və elm sahəsində əldə etdiyi uğurlardan söz açıb. Qeyd edib ki, ADPU-nun Şamaxı filialı bölgədə pedaqoji kadr hazırlığının həyata keçirilməsində mühüm rol oynayır. Filialda tələbələrin keyfiyyətli təhsil alması, onların müasir bilik və bacarıqlara yiyələnməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda filialın maddi-texniki bazasının zəngin olması tədris prosesinin daha səmərəli təşkilinə imkan verir.

Çıxış zamanı tələbələrin qarşısında duran vəzifələrə də toxunulub. Gənclərə dərslərində fəal iştirak etmək, yaradılan imkanlardan səmərəli yararlanmaq, mütaliəyə və elmi fəaliyyətə xüsusi diqqət yetirmək, əldə etdikləri bilikləri daim artırmaq tövsiyə olunub.

Daha sonra filiala yüksək balla qəbul olunan tələbələr çıxış edərək tələbə adını qazanmalarından duyduqları sevinc və qürur hisslərini bölüşüblər. Onlar əldə etdikləri uğurda valideynlərinin, müəllimlərinin və yaxınlarının böyük əməyinin olduğunu qeyd edib, yeni tədris ilində qarşılarına qoyduqları məqsədlərdən danışıblar.

Tələbələrin valideynləri də çıxış edərək övladlarının məhz ADPU-nun Şamaxı filialında təhsil alacaqlarından məmnunluqlarını ifadə edib, filial rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər. Valideynlər yeni tədris ilində tələbələrə uğurlar arzulayıb, onların yüksək nəticələr əldə edəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə çıxış edən digər iştirakçılar da Bilik Gününün əhəmiyyətindən danışaraq tələbə və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıblar.

Tədbirin sonunda yeni tədris ilinin bütün tələbələr üçün uğurlu, məhsuldar və yaddaqalan olması dilə gətirilib, onlara təhsil həyatında yeni nailiyyətlər arzulayıblar.

Tədbirdən sonra filialın akt zalında I tədris ili tələbələrinin valideynləri ilə görüş keçirilib. Görüş zamanı valideynlərə filialda tədris prosesinin təşkili, tələbələrin universitet həyatına uyğunlaşması, təhsil müddətində qarşıda duran vəzifələr, daxili intizam qaydaları və digər məsələlər barədə ətraflı məlumat verilib. Valideynlərin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və valideynləri maraqlandıran suallar cavablandırılıb.